19 fevral 2025-ci il tarixdə Qazax Ədəbiyyat Muzeyində “21 fevral - Beynəlxalq Ana Dili Günü“ ilə əlaqədar “Ana dilimiz milli sərvətimizdir” mövzusunda tədbir keçirilib...
Öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Rüstəmov, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, Hüsey Arif Ədəbi məclisinin sədri Saqif Qaratorpaq, BDU Qazax filialının müəllimi , Filalogiya üzrə fəlsəfə doktoru İradə Arıxova və BDU Qazax filialının tələbəsi Tərlan Aslanlı çıxış edərək bildiriblər ki, "Beynəlxalq Ana Dili Günü" YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən "Beynəlxalq Ana dili Günü " hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi "21 Fevral - Beynəlxalq Ana Dili Günü" ölkəmizdə də qeyd olunur.
Tədbirdə BDU Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi kollecinin tələbələri Azər Hacılı, Sədrəddin Şəmiyev, Səma Axundova və Zümrüd Əliyevanın ifalarında Sabir Rüstəmxanlının "Sağ ol, Ana dilim", Bəxtiyar Vahabzadənin Ana dili, Xəlil Rza Ulutürkün eyni adlı şerləri səsləndirilib.
Poliqon.info