17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunmuş İnkişaf Kubokunda üçüncü yer uğrunda oyuna çıxacaq.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Belarusun paytaxtı Minskdə keçirilən yarışda yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlamış millimiz A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq. Bu görüş fevralın 21-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 15:40-da start veriləcək.
Xatırladaq ki, U-17 millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.