Çin alimləri dünyanın ən güclü lazer əsaslı kamerasını yaradıblar. Bu da Pekinə xarici hərbi peykləri izləməyə imkan verəcək.
Bu barədə "South China Morning Post” qəzeti məlumat yayıb.
Yeni məhsul Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb. Kukunor gölündə həyata keçirilən sınaqlar zamanı əvvəllər qeyri-mümkün hesab edilən 100 km-dən çox məsafədən millimetr dəqiqliyi ilə bir neçə şəkil çəkilib.
103 vatt gücündə genişzolaqlı lazer kameranın əldə etdiyi məlumatlar real vaxt rejimində rəqəmsal emal ediləcək. Cihaz diametri 1,7 mm-ə qədər olan hissələri tez aşkarlayıb və məsafəni 15,6 mm dəqiqliklə təyin edib.
Görünmə səviyyəsi, linzalardan istifadə edən aparıcı kameralar və teleskoplarla görülə biləndən təxminən 100 dəfə yaxşı olub.
"Bu, təkcə peyki orbitdə görmək deyil, həm də onun seriya nömrələrini oxumaqdır. Gələcəkdə belə bir cihaz kosmosa yerləşdirilə və yerin aşağı orbitindən kiçik detalları, o cümlədən insan üzlərini ayırd edə bilər”, - məqalədə qeyd olunub.