Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib. 1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev bildirib. Həmçinin BDYPİ-dən verilən məlumata görə, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. “Sürücülər yol və hava şəraitinə uyğun hərəkət sürəti seçməli, qış təkərlərindən istifadə etməli, nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə saxlamalı, yol hərəkəti qaydalarına riayət etməli və təhlükəli manevrlərdən çəkinməlidirlər. Piyadalara isə yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə etmək, görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinmək, yollarda nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirmək tövsiyə olunur”, - deyə əlavə edilib.