“Barselona”nın keçmiş prezidenti Joan Qaspar “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior haqda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Qaspar, adı Orta Şərq ölkəsi ilə hallanan “Vini”nin Səudiyyə Ərəbistanına köçəcəyinə ümid etdiyini bildirib:
“Bir “Barselona” azarkeşi kimi, mən ümidvaram ki, Vinisius Səudiyyə Ərəbistanından gəlmiş təklifi qəbul edəcək. Bu, onu əmin etmək üçün kifayət qədər yaxşı təklif olmalıdır. Ümidvaram, Vinisius müvafiq təklifi qəbul edəcək, belə ki, o görkəmli oyunçulardan biridir, onun gedişi isə bütün “blauqrana” üçün yaxşı xəbər olacaq.
O, təsirli driblinqə malik çox çevik oyunçudur. Vinisiusun dəhşətli xasiyyəti var, amma o, komandası üçün oynayanda həmişə ilhamlıdır”, deyə Qaspar vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 32 oyuna çıxıb, 16 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 297 oyun, 101 qol, 85 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.