“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Junirun daha böyük gələcəyinə ümidlidir.
Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Qarşıda onu böyük gələcək gözləyir, çünki o, cari göstəricilərinə mövsümdən mövsümə mübarizə apararaq, kamilləşərək çox tez çatıb. O, buna layiqdir, çünki bütün bunlardan başqa o, yaxşı oğlandır”, deyə Ançelotti “Vini”nin insani keyfiyyətlərini qabardıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 37 oyuna çıxıb, 18 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 302 oyun, 103 qol, 71 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.