Rusiya prezidenti Vladimir Putin “Qazprombank”ın idarə heyətinin sədr müavini Dmitri Zauersə amerikalı sahibkar İlon Maskla texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq etməyi məsləhət görüb.
OXU24.COM xəbər verir ki, Rusiya lideri hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Maskla bağlı proqnozunu bölüşüb. Putin Gələcək Texnologiyalar Forumu sərgisində onu müşayiət edən Zauersə bu barədə deyib:
“Mask ilə qüvvələri birləşdirin. ABŞ-da inzibati orqanlarda islahatları bitirdikdən sonra o, biznesə, elmə gedəcək. Siz onunla əməkdaşlıq etməlisiniz”.
Zauers isə dövlət başçısına "İlon Maska cavab" hazırladıqlarını bildirib. Onun sözlərinə görə, Rusiya raket və kosmik sənayedə istifadə olunan akkumulyatorlar, həmçinin neyroçiplər istehsal edir. Zauers sonuncunu "İlon Maska cavab" adlandırıb.
Forumda xarici ölkələrin bəzi sahələrdə Rusiyanı “üstələdiyini” deyən Putin hökumətə ölkənin texnoloji inkişafını idarə etmək üçün idarələrarası mexanizm hazırlamağı tapşırıb.
Qeyd edək ki, fevralın 21-də Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxış edib.