Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı faciəsinin 33 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə İttifaqdan AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən ittifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə xalqımızın tarixində baş verən Xocalı faciəsinin dəhşətlərindən danışaraq, bu hadisənin təsirindən yaranmış musiqi əsərlərindən söhbət açıb. “Musiqinin müxtəlif janrlarında bəstəkarların qələmə aldıqları bir neçə əsər var. Bunlardan Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakat, Faiq Nağıyevin “Xocalı harayı” rekviyem, Elnarə Dadaşovanın orqan üçün “Xocalı laylası”, Tural Məmmədlinin kamança və piano üçün “Xocalıya ithaf”, Azad Zahidin “Rekviyem”, Nazim Quliyevin “Xocalı” operası, Aleksandr Çaykovskinin “Xocalı”, Balnur Kıdırbeyin simfonik orkestr üçün “Xocalı qurbanları” əsərlərinin adını çəkə bilərəm”,- deyə o əlavə edib.
Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, AMEA-nın müxbir üzvü, elmlər doktoru, professor Rəna Məmmədova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmlər doktoru, professor Kamilə Dadaşzadə, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digər şəxslər çıxış edərək, onlar da Xocalı faciəsinin musiqidə təcəssümü ilə yanaşı, bu əsərlərin təbliğ olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Bədii hissədə unudulmaz bəstəkar Məmməd Quliyevin 1995-ci ildə qələmə aldığı “Xocalı” rekviyemi səsləndirilib.