AZ

AQTA-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnnovativ həllər və informasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. O, XX əsrin dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayətlərindən biri olan bu hadisənin məqsədli şəkildə həyata keçirildiyini, yüzlərlə Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

Sədr müavini Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə, həmçinin Xocalıda aparılan quruculuq işlərindən bəhs edib və şəhidlərimizin ruhunun şad olduğunu bildirib.

Həmçinin ildönümü ilə əlaqədar AQTA kollektivi soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Agentliyin regional bölmələrində də Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə Xocalı soyqırımının Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.

Seçilən
30
31
azertag.az

10Mənbələr