AZ

Azərbaycanla münasibətlərin nizamlanması üçün Niderland öz mövqeyində dəyişikliklər etməlidir – RƏY

Azərbaycanla münasibətlərin nizamlanması üçün Niderland Krallığı öz mövqeyində dəyişikliklər etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti, politoloq Sultan Zahidov deyib.

“Azərbaycan XİN başçısı Ceyhun Bayramov bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vinki qəbul edib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri müzakirə edilib. Ümid edirəm ki, bu görüş Azərbaycan-Niderland münasibətlərində yeni bir səhifənin açılışını edər və bundan sonra iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edə bilər”,- ekspert əlavə edib.

Politoloq söyləyib ki, münasibətlərin inkişafı yolunda əsas maneələr Niderlandın oradakı erməni diasporu tərəfindən təqdim olunan və reallığı əks etdirməyən məlumatlara aldanaraq Qafqazdakı reallığa uyğun gəlməyən bəyanatlar səsləndirməsi, qərəzli şəkildə Ermənistanın mövqeyini dəstəkləməsi ilə bağlıdır:

“Niderland son bir neçə ildə Cənubi Qafqazdakı proseslərə qərəzli yanaşır, region dövlətlərinin maraqlarını nəzərə almır. 2023-cü il dekabrın 13-də Niderland hökuməti tərəfindən Ermənistana dəstəklə bağlı qərar verilmişdi və həmin qərarda qeyd olunurdu ki, bu yardımın əsas səbəblərindən biri ermənilərin Qarabağdan qovulmasıdır. Məhz bu addım Niderland hökumətinin qərəzindən xəbər verirdi”.

S.Zahidov onu da vurğulayıb ki, 30 il ərzində Niderland hökuməti azərbaycanlıların öz torpaqlarından məcburi köçkün düşən insanların hüquqlarının bərpası ilə bağlı heç bir addım atmayıb:

“Torpağı işğal altında qalan, bir milyondan çox məcburi köçkünü və qaçqını olan tərəf Azərbaycan olub. Ötən dövr ərzində Niderland hökuməti bununla bağlı heç bir addım atmayıb. Amma Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağdakı ermənilərə Azərbaycan pasportunu və vətəndaşlığını qəbul etmələri şərti ilə orada yaşamaq üçün imkan yaratdığı halda, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdü”.

Müsahib diqqətə çatdırıb ki, 2024-cü ilin iyulunda Niderland hökumətində hakimiyyət dəyişikliyi olsa da, yeni baş nazir Dik Şufun (Dick Schoof) da siyasətində Azərbaycana qarşı ciddi dəyişiklik edilməyib:

“Həmçinin 2024-cü ilin sentyabrında hökumətin xarici siyasət proqramı açıqlandı və həmin xarici siyasət proqramında Qarabağ guya Azərbaycan tərəfindən ələ keçirilmiş kimi təqdim olunub. Heç bir əsasları olmadan belə bir ifadəyə yer veriblər. Eyni zamanda, həmin proqramda birtərəfli şəkildə Niderland krallığının Ermənistanı dəstəkləməsi qeyd olunur. Bundan sonra oktyabrda yenə Niderland parlamentinin qərəzli qətnamə qəbul etdiyini gördük. Həmin qətnamədə də 100 min erməninin guya Azərbaycanın hücumu nəticəsində qaçqın düşməsi məsələsi yer alır”.

Bütün bu hadisələr fonunda əlaqələrin inkişafı üçün siyasi şərhçi hesab edir ki, ilk növbədə Niderland Krallığının öz mövqeyində dəyişiklik etməsi yolu ilə siyasi münasibətlər nizamlanmalıdır.

“Azərbaycanla Niderland arasında ticari-iqtisadi, kənd təsərrüfatı, həmçinin alternativ enerji resursları və infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Niderland bu sahədə xeyli irəlidədir, onun təcrübəsini Azərbaycan öz yaşıl enerjisinin inkişafında tətbiq etməkdə maraqlı ola bilər. Lakin əvvəlcə qeyd etdiyim məsələlər aradan qaldırılmalıdır”,-ekspert bildirib.

S.Zahidov son olaraq vurğulayıb ki, Niderland Qafqazdakı vəziyyəti daha obyektiv dəyərləndirərək Azərbaycanın sülh üçün yeni imkanlar yaratdığını qəbul etməli və Qafqazın bütün ölkələrinə bərabər münasibət bəsləməlidir:

“Həmçinin Ermənistana yönələn dəstəkdən imtina etməlidirlər. Sözsüz ki, Azərbaycanın da üzərinə düşən öhdəliklər var. Niderlanddakı Azərbaycan icması xüsusilə Niderland Parlamentində deputatların məlumatlandırılması istiqamətində fəal işlər görə bilərlər”.

Seçilən
29
50
nocomment.az

10Mənbələr