AZ

Ombudsman: "Həbslər azaldılsın, alternativ qətimkan tədbirləri genişləndirilsin"

Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.) tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir.

Publika.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 3 noyabr 2009-cu il tarixli 2 saylı Qərarında məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən ilk növbədə Cinayət Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün yoxlanılması, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasının əsaslandırılması tövsiyə olunur.

Bununla yanaşı, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasını, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunmasını, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini nəzərdə tutur.

"Təhlillərin nəticəsi onu deməyə əsas verir ki, həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiq olunmaqdadır",- məruzədə qeyd edilib.

Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.) tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir.

Vurğulanıb ki, həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi, istintaq hərəkətlərinin mümkün qədər qısa müddətdə yekunlaşdırılması, prokurorluq tərəfindən prosessual nəzarətin gücləndirilməsi, habelə azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verilməsi penitensiar müəssisələrdəki sıxlıq probleminin aradan qaldırılmasına da müsbət təsirini göstərəcək.

Seçilən
68
1
publika.az

9Mənbələr