AZ

“Bu, bir çox məqsədlərə xidmət edəcək”

“Enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu, bir neçə istiqamət üzrə faydalıdır: “Birincisi, iqtisadi faydadır. Enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla - müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaldır. Bu, elektrik şəbəkəsinə yükü azaldır. Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir və enerjinin 80%-ə qədərinin spiralın közərməsinə sərf edilir. Bu lampaların daha enerji səmərəli işıq diod (LED) lampaları ilə əvəz edilməsi iqtisadi baxımdan faydalıdır. İkincisi, enerji təhlükəsizliyidir. Azərbaycan enerji idxalından asılılığı az olan ölkə kimi, iqtisadiyyatı xarici şoklara bir o qədər də davamlıdır. Təbii ki ölkə daxilində enerji səmərəliliyinin təmin edilməsi eyni zamanda enerji təhlükəsizliyinə töhfə verir. Üçüncüsü, iqlim məqsədlərinə nail olmaqdır. İstixana effekti yaradan qazların emissiyalarının sonuncu inventarlaşdırılmasına əsasən ölkəmizdə 2022-ci ildə emissiyalar 69,5 milyon ton CO₂e, qlobal emissiyaların 0,12%-i təşkil etməklə 1990-cı illə müqayisədə 18% azalıb”.

V. Kərimov bildirib ki, eyni zamanda Paris Sazişinin 4-cü maddəsinin 19-cu bəndinə əsasən, tərəf dövlətlər Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyalarının (LTS) hazırlanmasına təşviq olunurlar: “Hazırda (1 iyun 2024-cü il tarixinə) 107 ölkə qanun, siyasət sənədi (NDC, uzunmüddətli inkişaf strategiyası) və yüksəksəviyyəli hökumət bəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (net zero emission) hədəfləri müəyyənləşib ki, bu da qlobal istixana qazı emissiyaların təxminən 82%-ni əhatə edir. Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, ölkə üzrə yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) beynəlxalq təcrübə əsasında hazırlanır”.

Nuranə Daxilqızı

Seçilən
61
3
qafqazinfo.az

4Mənbələr