AZ

Enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Konstitusiyasında ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı bir sıra vacib müddəalar var. Belə ki, Konstitusiyanın 14 və 39-cu maddələrinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Təbii sərvətlər xalqın mülkiyyətidir və dövlət onların qorunmasını, səmərəli istifadəsini təmin etməlidir. Bu baxımdan Energetika Nazirliyi tərəfindən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan maddənin əlavə edilməsini məqsədə müvafiq hesab edirik. Enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun rəhbəri Vüqar Kərimov Milli Məclis keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir müavini qeyd qeyd edib ki, enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək: “Birinci iqtisadi fayda. Bu enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla - müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaldır. Bu, elektrik şəbəkəsinə yükü də azaldır. İkinci isə enerji təhlükəsizliyidir. Azərbaycan enerji idxalından asılılığı az olan ölkə kimi, iqtisadiyyatı xarici şoklara bir o qədər də davamlıdır. Təbii ki, ölkə daxilində enerji səmərəliyinin təmin edilməsi, eyni zamanda, enerji təhlükəsinzliyinə töhfə verir”.

Onun sözlərinə görə, Paris Sazişinin 4-cü maddəsinin 19-cu bəndinə əsasən, tərəf dövlətlər Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyalarının (LTS) hazırlanmasına təşviq olunurlar. Hazırda (1 iyun 2024-cü il tarixinə) 107 ölkə qanun, siyasət sənədi (NDC, uzunmüddətli inkişaf strategiyası) və yüksəksəviyyəli hökumət bəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (net zero emission) hədəfləri müəyyənləşdirib ki, bu da qlobal istixana qazı emissiyaların təxminən 82 faizini əhatə edir.

Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, ölkə üzrə yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) beynəlxalq təcrübə əsasında hazırlanır.

Seçilən
28
3
azertag.az

4Mənbələr