AZ

ABŞ-Çin gərginliyi arta bilər:  Trampın yeni siyasi yanaşması bəzi dövlətlərə qarşı təhdidlər ortaya çıxarıb

 "Qarşı dövrdə iqtisadi müstəvidə Tramp adminstrasiyası ilə Çin arasındakı mübarizə daha da kəskinləşəcək".

Bu sözləri Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında baş verən qalmaqal fonunda Pekinin mümkün siyasi gedişlərini şərh edən politoloq Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Trampla Zelenski arasında baş verən qalmaqaldan sonra geosiyasi mənzərə daha aydın təsəvvür edilməyə başladı. Bir sıra dövlətlər, eyni zamanda Avropa İttifaqı üçün proseslər daha da konkret istiqamət aldı:

"Bəlli oldu ki, Birləşmiş Ştatlar Rusiya ilə münasibətləri normallaşdırmaq barədə qərar verib. Zelenskinin aşağılanması cəhdlərinin kökündə də məhz bu məsələ dayanır. Tramp onsuz da Zelenskiyə nifrət edirdi və dəfələrlə ona qarşı atılan bütün addımlara adekvat cavab verəcəyini bildirmişdi. Tramp Rusiyaya jest etməklə, bundan sonrakı mərhələdə Birləşmiş Ştatların yeni adminstrasiyasının prioritetləri üçün Moskvanın dəstəyini əldə etmək istəyir. Nəzərə alaq ki, Rusiyanın da iqtisadi problemləri var. Ukrayna münaqişəsi Rusiya üçün ciddi problemlər yaradıb və iqtisadi imkanları zəifləyib. Trampın indiki siyasəti Rusiyanı xilas edə bilər. Bundan başqa, Tramp daxildə olan təzyiqlərin neytrallaşdırılması üçün bir sıra dövlətlərin, o cümlədən Rusiyanın dəstəyinə ehtiyac duyur. Çünki daxildə Trampa qarşı güclü təzyiqlər mövcuddur və müxtəlif kampaniyalar aparılır".

ABŞ-Ukrayna gərginliyi fonunda Pekinlə Kiyev arasında ticarət əməkdaşlığı baş tuta biləcəyi ehtimalına toxunan politoloqun fikrincə, Çinlə Birləşmiş Ştatlar arasındakı problemlərin dərin kökləri var. Hazırda ABŞ daxilində Trampa qarşı olan qüvvələr, xüsusilə Federal Ehtiyatlar Sisteminin arxasında olan banklar və törəmə şirkətləri Çini gücləndirir.

"Bu gün Trampa qarşı fəaliyyət göstərən müxətlif Amerika mərkəzli şirkətlər nəticəsində qlobal sərmayənin yeni mərkəzlərindən biri də Çin olub. Hazırda Çinin ABŞ-yə ixracı təxminən 600 milyard dollar civarındadır. ABŞ-nin Çinə ixracı isə 200 milyard dollar təşkil edir. Bu cür fərqdə Çinin deyil, Amerika mərkəzli şirkətlərin payı daha çoxdur. Trampın məqsədi məhz həmin şirkətlərə qarşı savaş açaraq, o şirkətlərin Amerika iqtisadiyyatına yatırım etməsi və Amerikanı ixrac dövlətinə çevirməsidir. Bu konteksdə iki ölkə arasındakı gərginliyin daha da artması gözləniləndir", - deyə müsahibimiz qeyd edib.

Əli Zülfüqaroğıu: Tramp Çinin ətrafında olan dövlətləri öz tərəfinə çəkmək üçün siyasi xətt müəyyənləşdirib

Ə.Zülfüqaroğlu hesab edir ki, Tramp Çinlə mübarizədə daha əlverişli zəmin yaratmaq üçün Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Çin başa düşür ki, Tramp bu istiqamət üzrə siyasətini daha da kəskinləşdirəcək:

"Tramp öz istəyinə çatmaq üçün hazırda yeni müharibələrə girməməyə çalışır. O, hərbi xərclərin azaldılması istiqamətində addımlar atır və İranla münasibətləri normallaşdırmağa cəhd edir. Tramp Çini təkləməklə yanaşı, onun ətrafında olan dövlətləri öz tərəfinə çəkmək üçün bir sıra siyasi xətt müəyyənləşdirib. Xüsusən də Birləşmiş Ştatların Ukraynaya baxışının dəyişməsi və yeni strategiyanın müəyyənləşməsi Avropa İttifaqı və bir sıra dövlətlərin xarici siyasətinə yenidən baxmasına səbəb oldu. ABŞ-nin yeni siyasi yanaşması əksər dövlətlərə və müxtəlif ittifaqlara qarşı təhdidlər ortaya çıxarıb. Buna görə də ölkələr və ittifaqlar yeni tərəfdaşlar axtarmağa başlayıblar".

Müsahibimizin proqnozuna əsasən, Çin-Ukrayna iqtisadi əməkdaşlığı ABŞ-Rusiya münasibətlərinin gələcəyindən asılı olacaq.

Gülşən Şərif

Seçilən
37
34
bakivaxti.az

10Mənbələr