Bakı, 5 mart, AZƏRTAC
Hazırda su obyektlərində götürülən 12-13 milyard kubmetr suyun 30 faizə qədəri nəql zamanı itkiyə gedir və istifadə olunan suyun miqdarının 80 faizə yaxın hissəsi suvarma üçün nəzərdə tutulur. Bu da mövcud iqlim şəraitində nəzərdə tutulan suvarma norması ilə müqayisədə yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafiq Verdiyev brifinqdə bildirib.
R.Verdiyev qeyd edib ki, bunun əsas səbəbi əkinçilikdə müasir suvarma praktikasının lazımi səviyyədə tətbiq edilməməsi ilə bağlı olan əlavə itkilərin olması, o cümlədən əkinçilikdə tələb olunan qayda və prinsiplərə tam əməl olunmamasını göstərmək olar.
“Suvarma məqsədilə suyu mənbələrdən götürərkən israfçılığa yol verilməsi torpağın sıradan çıxmasına, o cümlədən yer səthinə yaxın olan yüksək minerallığa malik qrunt sularının səviyyəsinin daha da yüksəlməsi nəticəsində torpağın şoranlaşmasına, məhsuldarlığının azalmasına, ya da əkin dövriyyəsindən çıxmasına səbəb olur. Su mənbəyindən həddən artıq çox suyun götürülməsi, eyni zamanda, çayların ekoloji axımının təmin olunmaması nəticəsində onun ekosisteminin deqradasiyasına və bəzən çayların qurumasına səbəb olur”, - deyə Rafiq Verdiyev bildirib.