BAKI, TurkicWorld
BMT Qəzzaya humanitar yardımın dayandırılmasının bölgədəki kritik vəziyyəti daha da pisləşdirdiyini açıqlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, Qəzzada ərzaq təhlükəsizliyi pozulmaq riski altındadır və İsrailin yardımları dayandırması humanitar vəziyyəti daha da çətinləşdirir.
“Qəzza xalqına həyati xilasedici yardımın çatdırılmasında kritik irəliləyiş geri çevrilir”, – deyə Dujarrik vurğulayıb.
BMT rəsmiləri xəbərdarlıq ediblər ki, yardımların kəsilməsi davam edərsə, fələstinliləri qida ilə təmin edən ən azı 80 mərkəz fəaliyyətini dayandıra bilər.
Bundan əlavə, Qəzzada təhsil də ciddi problemlərlə üzləşir. Giriş məhdudiyyətləri səbəbindən məktəblərdə əsas ləvazimat çatışmazlığı yaşanır.
“Bəzi şagirdlər köçkün ailələrin sığınacaq kimi istifadə etdiyi məktəb binalarını tərk etməsindən sonra təhsillərinə qayıda biliblər”, – deyə Dujarrik qeyd edib.
BMT-nin məlumatına görə, işğal olunmuş Fələstin ərazilərində əsas humanitar ehtiyacları qarşılamaq üçün lazım olan 4 milyard dolların cəmi 4%-dən azı təmin edilib.