AZ

İğdır-Naxçıvan qaz kəmərinin açılışı muxtar respublikanın enerji təhlükəsizliyinə mühüm töhfədir – RƏY

Bakı, 7 mart, AZƏRTAC

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi atılan növbəti uğurlu addımla diqqətdədir. Prezident İlham Əliyevin martın 5-də Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində videobağlantı formatında iştirakları diqqətləri cəlb etdi. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin tarixi dostluqdan strateji tərəfdaşlığa doğru atdıqları addımların xronologiyasına diqqət yetirdikdə möhkəm təməlin, qarşılıqlı etimadın münasibətlərin inkişafında böyük rol oynadığı daha aydın şəkildə görünür. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Həmin dövrdən bəri ölkələrimiz arasında bütün sahələrdə dərin əməkdaşlıq əlaqələri qurulub, və uğurla davam edir. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyimizin bərpasının ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərdi.

Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirdi. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirən mühüm amillərdən biri hər iki dövlətin məhz ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət həyata keçirmələri, daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək hədəflərə nail olmaq üçün birgə addımların atılmasının vacibliyini bildirmələridir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının qardaşlıq, dostluq münasibətləri daim əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” çağırışları bütün dövrlərdə bu münasibətlərin inkişafında yol xəritəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Depputat qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənir. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard dollar olub. Ötən il artım dinamikası davam edib. Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi investisiyaları həcmi isə 20 milyard dolları keçib. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazda ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri ilə dərinləşib.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixində önəmli bir gün kimi dəyərləndirilən İğdır-Naxçıvan qaz xəttinin açılışı iki ölkənin birgə reallaşdırdığı enerji layihələrinin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır.

V.Rəhimzadə vurğulayıb ki, davamlı şəkildə güclənən qardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran problemlərin uğurla həllinə imkan yaradır. Bu birliyin mühüm nəticələrindən biri də illərdir Ermənistanın yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri məhz bu məqsədə xidmət edir. İki dost və qardaş ölkələrin videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi mərasimində iştirakı bu birliyin enerji sektorunda yol açdığı uğurların davamlılığından xəbər verir. 2018-ci ilin iyun ayında TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın təbii qaz təminatını tam qarşılayacaq və bir mənbədən asılılığını aradan qaldırmaq baxımından mühüm rol oynayacaq.

“İğdır-Naxçıvan qaz kəmərinin açılışı mərasimi bir daha Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının əyani təzahürüdür”, - deyən deputat Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, tarixi Zəfərimizdən sonra dünya istər Azərbaycan-Türkiyə, istərsə də digər türk dövlətləri arasında əlaqələrin daha sıx birləşdiyinin şahididir.

Seçilən
22
6
azertag.az

8Mənbələr