AZ

"Araz-Naxçıvan" "Qarabağ"a qarşı - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 26-cı tura start veriləcək.

Üç gün ərzində keçiriləcək oyunların hamısı “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
3-cü dövrə, 26-cı tur
Araz-Naxçıvan – Qarabağ 1:1

Felipe Santos, 35 - Nəriman Axundzadə, 44
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+3=1-1, 10:10.
2000/01 – 2:1; 2001/02 – 3:2; 2023/24 – 2:1, 2:2; 2024/25 – 1:4.
Cəzalılar: İqor Ribeyro, Vanderson Melo (hər ikisi “Araz-Naxçıvan”).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Şirməmməd Məmmədov, Fərid Hacıyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, “Liv Bona Dea Arena”. Saat 19.00.

Bəli, “Araz-Naxçıvan” son 9 matçda cəmi bir qələbə qazanıb. Amma bu, Elmar Baxşıyevin komandasının oyununda hansısa problemin olduğunu etiraf etməsi üçün yetərli əsas deyil. Ona görə ki, Muxtar Respublika təmsilçisi “Zirə” kimi güclü rəqibi mübarizədən kənarlaşdıraraq ölkə kubokunun yarımfinalına yüksəlib. Təbii ki, bu ifadələrə sığınmaqla komandanın son həftələrdəki uğursuzluğunu ört-basdır etmək olmaz. “Qırmızı-ağlar” artıq 2-ci pilləni “qartallar”a təhvil verib. Vəziyyətdən çıxış yolu tapılmayacağı təqdirdə daha aşağı sıralara enməkdən də qurtulmaq mümkün olmayacaq.

Qısası, naxçıvanlılar “Qarabağ”la matçda azı bir xal qazanmağın yolunu tapmalı, bununla heç olmasa, növbəti oyunlar üçün motivasiya mənbəyi qazanmalıdılar. İş orasındadı ki, “köhlən atlar” iri addımlarla erkən çempionluğa doğru “çapır”. Belədə Qurban Qurbanovun komandasını büdrətmək çətindi. Hər halda, Mərdəkanda güclülərin oyununu izləyəcəyik. Düzdü, qonaqların qələbə qazanmaq ehtimalı daha böyükdü. Lakin Baxşıyevin “Araz-Naxçıvan”ı da məhz bu yöndə şansını sınayacaq.

Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 3-də Muxtar Respublika, 6-da Ağdam təmsilçisi qalib gəlib, 1-də hərəyə bir xal dşüb. Topların nisbətində “Qarabağ” öndədi – 21:12.

9 mart
Şamaxı – Sabah

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 10:+4=3-3, 12:7.
2018/19 – 0:1, 3:0; 2019/20 – 1:1; 2020/21 – 1:1, 0:0; 2021/22 – 2:0, 0:1; 2022/23 – 0:1, 2:1; 2024/25 – 3:1.
Cəzalı: Amin Seydiyev (Sabah).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

Sabit nəticələr qazanmaqda çətinlik çəkən “Şamaxı” “Səbail”i məğlub etməklə turnir cədvəlindəki mövqeyini möhkəmləndirdi. Təhlükəli mövqedən bir qədər uzaqlaşan bölgə təmsilçisi indi növbəti xalların ardına düşmək üçün daha yaxşı psixoloji duruma malikdi. Unutmaq olmaz ki, “Şamaxı” üçün premyer-liqanı tərk etmək ehtimalı hələ də qalır. Bu üzdən “şirlər” duelin “doğma divarlar” arasında baş tutmasından istifadə edib döyüşkən oynamalı, azarkeşlərinin narahat qəlbini bir qədər də arxayınlaşdırmalıdı.

“Sabah”a gəlincə, “bayquşlar”ın hələ də mövsümü ilk “4-lük”də bitirmək şansı var. Lakin onların avrokuboklara getmək üçün kubok yoluna üstünlük verəcəyi bəllidi. Yenə də bu matçda qalib gəlməklə hər iki turnirdə şanslarını qorumaq imkanından yararlanmaq olar. Hər şey Vasili Berezutskinin və komandasının fərasətindən asılıdı.

Bu rəqiblər indiyə qədər 20 dəfə üz-üzə gəlib. Bunların 7-də “Şamaxı”, 6-da “Sabah” qələbə qazanıb, 7-də qalib müəyyənləşməyib. Topların nisbətində “şirlər” öndədi – 24:21.

Zirə - Səbail
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 14:+9=4-1, 26:11.
2017/18 – 2:1, 1:1; 2018/19 – 0:0, 1:2; 2019/20 – 4:1; 2020/21 – 0:0, 2:0; 2021/22 – 3:1, 2:1; 2022/23 – 1:0, 3:1; 2023/24 – 2:2, 1:0; 2024/25 – 4:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-30-25.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.30.

Ölkə kubokunda mübarizəni dayandıran “Zirə” dərhal toparlandı və “Turan Tovuz” üzərində vacib qələbə qazanmaqla 2-ci pillədəki yerini möhkəmlətdi. Lakin bu, yetərli deyil. “Araz-Naxçıvan” və “Turan Tovuz”la aradakı xal fərqinin çox olmadığını nəzərə alsaq, “qartallar”ın arxayınlaşması üçün ciddi səbəb yoxdu. Bu üzdən qəsəbə təmsilçisi növbəti matçlara da qələbə hədəfi ilə çıxacaq. Təbii ki, belə anda rəqibin autsayder, yəni “Səbail” olması “qartallar”ın şansını xeyli artırır. Lakin “dənizçilər”ə yuxarıdan aşağı baxmaq olmaz. Cavid Hüseynovun komandası qaneedici nəticələr qazanmaqda çətinlik çəksə də, əzmkarlıq göstərir. Odu ki, Zirədə baxımlı matça şahidlik edə bilərik. Bir xal belə hava-su kimi lazımdısa, qonaqların son ana qədər döyüşəcəyinə şübhə etməməliyik.

Bu komandalar indiyə qədər 29 dəfə qarşılaşıb. Bunların 19-da “Zirə”, 4-də “Səbail” qalib gəlib, 6-da “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 43:19.

10 mart
Sumqayıt – Kəpəz

“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 15:+9=3-3, 26:16.
2011/12 – 4:1, 2:0; 2012/13 – 2:1, 1:0; 2015/16 – 2:2, 2:3; 2016/17 – 1:1, 3:1; 2017/18 – 2:1, 2:1; 2022/23 – 0:0, 1:2; 2023/24 – 1:0, 1:3; 2024/25 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-25-35.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 17.00.

Bir tərəfdə son 9 matçda qələbəyə həsrət qalmaqla yanaşı, qol vura bilməyən “Sumqayıt”, digər tərəfdə derbidə “Neftçi”ni devirməklə xal ehtiyatını arıtıran “Kəpəz” varsa, psixoloji durumun müqayisəsindən danışmağa dəyməz. Yenə də həm Vaqif Cavadov, həm də Azər Bağırov komandasını vacib duelə hər baxımdan çox yaxşı hazırlaşdırmalıdı. Bilindiyi kimi, matçın prinsipiallığını təkcə komandaların turnir cədvəlindəki mövqeyi yox, həm də Cavadovun məğlub olduğu təqdirdə istefa vermək ehtimalının böyük olması artırır. İstənilən halda, bu oyunda qalib gələn tərəf premyer-liqada qalmaq şansını artıracaq. Odu ki, futbol ictimaiyyətinin gözü bu oyunda olacaq.

Bu komandalar indiyə qədər 30 dəfə qarşılaşıb. Bunların 12-də Sumqayıt, 7-də Gəncə təmsilçisi qələbə qazanıb, 11-də hərəyə bir xal düşüb. Topların nisbətində “kimyaçılar” öndədi 37:29.

Neftçi – Turan Tovuz
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 5:+3=2-0, 10:2.
2022/23 – 0:0, 4:0; 2023/24 – 3:2, 3:0; 2024/25 – 0:0.
Cəzalı: Yuri Matias (Neftçi).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı, “Neftçi Arena”. Saat 19.30.

“Neftçi” Samir Abasovun rəhbərliyi altında uğurlu seriya yaxalamaqda çətinlik çəksə də, oyun tərzindəki dəyişiklik sayəsində azarkeşləri xeyli ümidləndirmişdi. Lakin “Kəpəz”lə matçda göstərilən performans həmin tərəfdarların tənqidi fikirlər səsləndirməsinə səbəb oldu. Hətta komandanın əvvəlki matçlarda sərgilədiyi döyüşkənliyi və əzmkarlığı təsadüf sayanlara da rast gəldik. İndi “ağ-qaralar” toparlanmalı və növbəti qələbəsini qazanmaqla sevənlərinin könlünü almalıdı. O başqa məsələ ki, paytaxt təmsilçisinin premyer-liqa ilə bağlı ciddi hədəfi, demək olar ki, qalmayıb. “Zirə”yə uduzan “Turan Tovuz”un durumundan da xəbərdarsız. “Bozqurd” bu məğlubiyyət üzündən mövqeyini təhlükə altına atdı. İndi çətin səfər görüşündən qələbəylə ayrılmaq vacibdi. Yoxsa ölkə kubokundakı matçlarda qeydə alınacaq nəticələr tovuzlulara bəd xəbər gətirə bilər. Odu ki, “bozqurd” xal ehtiyatını artırmağa üstünlük verməlidi.

Komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 5-də “Neftçi”, 1-də “Turan Tovuz” qalib gəlib, 4-də hərəyə bir xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 14:8.

KƏNAN BAHADIR

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan”ın ev oyunlarında hər iki komanda qol sevinci yaşayıb.
// “Sabah” son 9 görüşdə qol vurub. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.
// “Səbail” son 7 oyunda qələbə qazanmayıb. “Zirə” son 3 oyunda qalib gəlib.
// “Sumqayıt” son 4 ev oyununda qol vurub. “Kəpəz” son 3 qarşılaşmada qalib gəlməyib.
// “Neftçi” son 6 oyunda məğlub olmayıb. “Turan Tovuz” son iki səfər matçında qol vurmayıb.

Seçilən
18
2
football-plus.az

10Mənbələr