
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatının örtülməsi və piyada yolunun dəyişdirilməsi aşkar edilib.
“Qeyd edilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verilib.
Həmçinin, Nərimanov rayonu Fətəli Xan Xoyski 95 A, Yasamal rayonu Eldar Ağayev küçəsi 41, Nizami rayonu Babək prospekti 89 ünvanında və Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində magistral yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində meşə fonduna daxil olmayan ümumilikdə 83 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.