Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Bakı şəhərinin beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparıb.
Bu barədə Far.Az-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi, 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatı örtülüb və piyada yolunun dəyişdirilməsi aşkar edilib.
Qeyd edilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verilib.
Həmçinin Nərimanov rayonu Fətəli Xan Xoyski, 95 A, Yasamal rayonu Eldar Ağayev küçəsi, 41, Nizami rayonu Babək prospekti, 89 ünvanında və Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində magistral yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində meşə fonduna daxil olmayan ümumilikdə 83 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) və 260.1-1-ci (külli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndərilib.