AZ

Milli Aviasiya Akademiyasında “Boeing 777” tam uçuş simulyatoru quraşdırılıb

“Boeing 777” tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib.

Milli Aviasiya Akademiyasında (MAA) “Silk Way West Airlines” şirkəti ilə birgə idarəçilik məqsədilə “Boeing 777” tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib.

Akademiyadan Operativ Media-a bildiriblər ki, tədbirdə MAA-nın rektoru akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru professor Hafiz Paşayev, “Silk Way Group”un şirkətlər qrupunun prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər.

MAA-nın rektoru akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksəkkeyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək. Simulyator MAA-da müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hazırlığında mühüm rol oynamaqla yanaşı, “Silk Way West Airlines”, “Azərbaycan Hava Yolları” kimi dünyada “Boeing 777” təyyarələrini istismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarının bacarıqlarının artırılmasını, aviasiya təhlükəsizliyinin ən yüksək standartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkil edəcək.

“Böyük Britaniya mərkəzli L3 Harris Commercial Aviation Solutions” şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqca real təlim təcrübəsi təklif edən və “777-F”, “777-200 LR”, “777-300 ER” kimi üç “Boeing 777” təyyarəsini özündə birləşdirən yeni nəsil modelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyası texnologiyaları ilə təchiz edilmiş bu model ən yüksək beynəlxalq aviasiya standartlarına uyğun olaraq, geniş çeşiddə kvalifikasiya sessiyaları, pilot qiymətləndirmələri və sertifikatlaşdırma təlimləri keçirməyə imkan verir.

Qeyd edək ki, sözügedən “Boeing 777” tam uçuş simulyatoruna fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tərəfindən hərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırma prosesinin ardından yerli aviasiya hakimiyyət orqanları tərəfindən rəsmi tanınma MAA-nın beynəlxalq aviasiya standartlarına sadiqliyini daha da gücləndirəcək.

Simulyator ölkəmizdə istifadəyə verilməklə milli mütəxəssislərimizə qoyulan xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla və əlçatanlığı artırmaqla pilotların təlimlər üçün xaricə getməsi zərurətini aradan qaldırır.

Seçilən
5
14
operativmedia.az

10Mənbələr