Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti Mixail Kavelaşvili tərəfindən qəbul edilib.
İNFOAZ.WSi xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.
Bildirilib ki, Prezident Kavelaşvili Orbeliani sarayında Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edib.
Görüş zamanı tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətlərini müzakirə edib, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərinə diqqət yetiriblər. Söhbət zamanı Ölkələr arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüşdə Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub. Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.
Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.
Gürcüstan Prezidenti Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.