AZ

Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Bakı, 11 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112 min 754 şəxs qəbul edilib, onlara 178 min 542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətləri olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• “ASAN İmza” sertifikatlarının verilməsi;

• Fiziki şəxsin uçotdan çıxarılması;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Bu ilin yanvar-fevral ayları ərzində vergiödəyicilərindən daxil olmuş 6,1 minədək yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergiödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.

Yanvar-fevral ayları ərzində ümumilikdə 58 min 238 müraciət üzrə 85 min 730 “ASAN İmza” sertifikatı verilib.

 

Seçilən
15
3
azertag.az

10Mənbələr