Hava keyfiyyətinin monitorinqi ilə məşğul olan İsveçrə şirkəti IQAir tərəfindən tərtib edilən ölçmələrin nəticələri dərc olunub. Məlum olub ki, yalnız 7 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) havanın keyfiyyəti ilə bağlı müəyyən etdiyi standarta cavab verir.
Hafta.az-ın yazdığına görə, Avstraliya, Baham adaları, Barbados, Estoniya, Qrenada, İslandiya və Yeni Zelandiyada yaşayan şanslılardan başqa digər insanların da çirklənmədən əziyyət çəkəcəyinə diqqət yönəldilib.
Çad, Banqladeş, Pakistan, Konqo Demokratik Respublikası və Hindistan hava keyfiyyətinin ən pis olduğu ölkələr kimi seçilib.
Ən çox əhalisi olan Hindistan 20 ən çirkli yerdən 13-nə ev sahibliyi edir. O cümlədən paytaxt Dehli şəhəri dünyanın ikinci ən çirkli şəhəridir. Birinci yer isə Çadın paytaxtı Ncamenaya məxsusdur.
Ümumiyyətlə, Ncamena istisna olmaqla, bütün çirkli şəhərlər Asiyada yerləşir.
Qazaxıstandan Karaqanda şəhəri üçüncü, Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Hotan isə 17-ci olub.
İlk 20-liyə Pakistandan 4 şəhər daxildir.
ÜST bildirir ki, illik orta hesabla PM 2.5 səviyyəsi hər kubmetr üçün 5 mikroqramdan aşağı olmalıdır. Çünki diametri 2,5 mikrometrdən az olan incə hissəciklər bir çox xəstəliklərə səbəb olur.
Çad və Banqladeş ÜST-nin müəyyən etdiyi limiti ən azı 15 dəfə keçib. Çadda orta hesabla 91,8 mikroqram görülüb.
IQAir, Asiya və Afrikanın bir çox ölkəsindən etibarlı məlumatları toplaya bilməyəcəyini və bəzi yerlərdə yalnız ABŞ diplomatik nümayəndəliklərində yerləşdirilən sensorlara etibar edildiyini bildirib.
ABŞ Dövlət Departamentinin artıq bu məsələni maliyyələşdirməyəcəyi və dünyanın müxtəlif regionlarını əhatə edən 17 illik məlumatların airnow.gov saytından silindiyi vurğulanıb.
Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutundan Krista Hasenkopf, ən azı 34 ölkədən etibarlı məlumatın alına bilməyəcəyini deyib.
IQAir menecerlərindən Kristi Çester-Şröder, Çad kimi bir çox Afrika ölkəsindən havanın keyfiyyəti ilə bağlı real vaxt məlumat əldə etməyin mümkünsüz hala gəldiyini söyləyib.