Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün müəyyən olunmuş qaydalara əsasən, vətəndaşlar nəzəri və praktiki imtahanlardan uğurla keçməlidirlər.
Far.Az-in məlumatına görə, bu proses sürücülərin yol hərəkəti qaydalarına dair biliklərini və nəqliyyat vasitəsini idarəetmə bacarıqlarını yoxlamaq məqsədilə təşkil olunur.
Sürücülük vəsiqəsi əldə etmək istəyənlər üçün əsas tələblər aşağıdakılardır:
Yaş həddi: Müxtəlif kateqoriyalar üçün müəyyən yaş hədləri mövcuddur. Məsələn, "B" kateqoriyası üçün minimum yaş həddi 18-dir.
Tibbi arayış: Namizədin sağlamlıq vəziyyətinin sürücülük üçün uyğun olduğunu təsdiq edən tibbi arayış təqdim olunmalıdır.
Nəzəri və praktiki imtahan: Yol hərəkəti qaydaları üzrə test və avtomobil idarəetmə bacarıqları yoxlanılır.
Rəsmi sənədlər: Şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd və digər tələb olunan sənədlər təqdim edilməlidir.
Bəs sürücülük vəsiqəsinin alınma qaydalarında yaxın gələcəkdə dəyişikliklər gözlənilirmi?
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Far.Az-ə bildirib ki, hazırda nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin alınması qaydaları qüvvədə olan normativ hüquqi aktlara uyğun tənzimlənir:
"Bu sahədə hər hansı əlavə və dəyişikliklərin edilməsi məsələsi qanunverici orqanın səlahiyyətlərinə aiddir".
Orxan Hüseyn