AZ

Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"XII Qlobal Bakı Forumu beynəlxalq medianın diqqət mərkəzindədir. Forumda "Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi" ("Rethinking World Order: Turning Challenges Into Opportunities") mövzusu ətraflı müzakirə olunur. Tədbirdə hazırkı və keçmiş dövlət, hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndə iştirak edir. Foruma beynəlxalq maraq çox böyükdür. Çünki müzakirəyə çıxarılan məsələlər qlobal xarakter daşıyır və beynəlxalq ictimaiyyətin gündəmindədir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O bildirib ki, dünyada köhnə düzənin pozulduğu, yeni şərtlərin meydana çıxdığı, münaqişələrin, müharibələrin şiddətləndiyi bir dönəmdə Bakıda belə bir mövzunun müzakirəyə çıxarılması olduqca böyük əhəmiyyət kəsb edir:
"Forumda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il "Nizami Gəncəvi" Beynəlxalq Mükafatı təqdim ediləcək. Həmçinin "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" və "Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək.
"COP29: Belem üçün sıçrayış - Transformasiyanın sürətləndirilməsi" və "Avropanın gələcəyi" mövzuları gecə sessiyalarında müzakirə olunacaq. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. "Yeni dünya üçün yeni texnologiyalar", "Gender - Təhlükəsizlik - İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsınlar, biz dinləyək" paneli olacaq".
Millət vəkilinin sözlərinə görə, dünyada baş verən müharibələr, siyasi toqquşmalar, Qərbdə müşahidə olunan siyasi böhran inkişaf etməkdə olan ölkələrin öz milli maraqlarını həmişəkindən daha güclü müdafiə etmələrini diktə edir:
"Bu baxımdan, XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Bu gün bütün ölkələrim maraqlarının, təhlükəsizliyinin qorunmasına xidmət edən beynəlxalq səviyyəli platforma yoxdur. Bakı Forumu artıq 12-ci dəfədir ki, qlobal problemlərin müzakirəsinə ev sahibliyi edir. Ölkəmiz sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini bu dəfə də bütün dünyaya bəyan edəcək, bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa səsləyəcək. Bakı Forumu həm də Azərbaycanın prioritetlərini dünyaya təqdim etmək üçün unikal platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını bir daha dünyaya çatdıracağıq.
Azərbaycan dünya düzəninin yenidən formalaşmasının tərəfdarıdır və bu prosesdə fəal rol oynamaq istəyir. Mövcud düzən özünü doğrultmur, günün tələblərinə, ölkələrin maraqlarına cavab vermir. Azərbaycan və Türkiyə də daxil olmaqla, əksər dövlətlər, xüsusilə də BMT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulayıblar. İkinci Dünya müharibəsinin nəticəsi olaraq meydana çıxan bu təşkilat yeni dünya çağırışlarına cavab vermir. Bütün dünyanın taleyinin, sadəcə, beş dövlət tərəfindən həll edilməsi heç cür qəbul edilə bilməz. Dünya beşdən böyükdür. Azərbaycanın da aid olduğu türk və müsəlman dünyasından olan dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ehtiyac var. Yeni dünya modeli, əslində, qütblər və ya çoxqütblülük platformasına söykənir".
"Artıq heç bir dövlət hansısa siyasi, hərbi, iqtisadi birliyin diktəsi ilə oturub-durmaq istəmir. Dövlətlər yeni birlik, ittifaqlar axtarışındadırlar. Qərbin patronajlığı altında yaradılmış birliklər özlərini daha çox neokolonializmin nümayəndələri kimi aparırlar və ayrı-ayrı ölkələri öz təsirləri altında saxlamağa çalışırlar. Bu isə haqlı narahatlıqlar, narazılıqlar yaradır. Azərbaycan da son illər özünə yaxın bildiyi ittifaqlarda layiqincə təmsil olunur. 44 günlük Vətən müharibəsindən sonra yaratmış olduğumuz yeni reallıqlar imkan verir ki, biz özümüzün müstəqil yolumuzu müəyyənləşdirək və doğru bildiyimiz yöndə addımlayaq. Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. İrəvan yaranan yeni reallıqları qəbul etməli, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bu öhdəliklərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Şərq-Qərb marşrutunun üzərində yerləşir və alternativsiz marşrutdur", - deputat deyib.
Müsahibimiz əlavə edib ki, Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində yaxından iştirak etmək və özünün milli maraqlarını təmin etmək istəyir:
"Biz bunu gizlətmirik də. Bu mənada Qlobal Bakı Forumu multilateralizm böhranının aradan qaldırılmasına xidmət edir, xalqlar arasında körpü yaradır, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan bu dəfə də özünün qlobal baxışlarını dünyaya təqdim edəcək. Beləliklə, XII Qlobal Bakı Forumu, əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün qiymətli təkliflərlə çıxış edəcək, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək".
Mərahim Nəsib
Seçilən
15
3
oxu.az

10Mənbələr