
“Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əməkhaqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əməkhaqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə də müsbət təsir edib”.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu ilki sosial paket 3 milyondan çox vətəndaşı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1,5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
“Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Cənab Prezidentinin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaqdadır.
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq.