Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Aİİ-dən çıxmalı olacaq.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Şoyqu xatırladıb ki, Rusiyadan Ermənistana pul köçürmələri ölkənin ÜDM-nin təxminən 15%-ni təmin edir: “Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olacaq. Ən mühafizəkar hesablamalara görə, Aİİ-dən Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə başa gələcək. Bu, ölkə iqtisadiyyatına kritik ziyan vuracaq, istehsalın azalması, əmək bazarının daralması, işsizliyin və inflyasiyanın artması həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, İrəvan Avropa iqtisadiyyatının vəziyyətini nəzərə alaraq Aİ-nin səxavətli subsidiyalarına bel bağlamamalıdır”.
Bundan əlavə, Şoyqunun sözlərinə görə, Ermənistan Rusiyadan və digər Aİİ ölkələrindən idxal edilən mallara gömrük rüsumları tətbiq etməli və müvafiq olaraq Aİ ölkələrindən gələn mallara rüsumları ləğv etməlidir. "Təbii ki, Aİİ ölkələri ilə gömrük ittifaqı və azad ticarətdən söhbət getməyəcək. Biz də MDB azad ticarət zonasını tərk etməli olacağıq", - o əlavə edib. 2024-cü ildə Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 12,7 milyard dollar, Aİ ölkələri ilə isə 2,3 milyard dollar təşkil edib”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.