Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Qara dənizdəki vəziyyətə nəzarət edir və Rusiyanın ticarət dəhlizinə nəzarəti ələ keçirməsi ehtimalını rədd edir.
Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, Zelenski "Eurovision News"-a müsahibəsində belə deyib.
"Ruslar uzun müddətdir Qara dənizdəki dəhlizə nəzarət etmirlər. Biz bunun üçün mübarizə aparırıq, çünki bu, müharibəni bitirmək üçün bir addımdır. Biz Qara dənizdəki vəziyyətə nəzarət edirik. Onların donanmasının Qara dənizdəki hissəsi batıb və ya onlar gizlənib, bu gün baş verən budur. Əgər enerji məsələsi ilə razılaşsalar, onlar Qara dəniz enerjisi məsələsində razılığa gəlməyə hazırdırlar", - deyə Ukrayna lideri bildirib.
Bununla belə, onun sözlərinə görə, Rusiya ərzaq dəhlizinə nəzarəti ələ keçirməyə çalışır, amma Ukrayna buna icazə verməyəcək.
"Biz ümumiyyətlə tam atəşkəsə hazır idik. Onlar sadəcə olaraq ərzaq dəhlizinə nəzarət etmək istəyirlər, buna nail olmayacaqlar, biz buna tam əminik", -Zelenski diqqətə çatdırıb.
Ümumi məlumat:
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya Qara dənizdə atəşkəslə razılaşmağa hazırdır, lakin bunun müqabilində sanksiyaların ləğvini istəyir.
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin martın 23-25-də Səudiyyə Ərəbistanında keçirilən görüşünün mövzusu olan Qara dənizdə atəşkəsə razılıq vermək üçün Rusiya bir sıra tələblər irəli sürüb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi Rusiyanın Qara dənizdə atəşkəs razılaşması ilə bağlı tələblərini nəzərdən keçirəcək.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, texniki qruplar Rusiyanın enerji infrastrukturuna zərbələrin endirilməsini qadağan edən razılaşmaya əməl etməsinin monitorinqi mexanizmini hələ müəyyənləşdirməyib. Ona görə də hələlik bu razılaşmalara əməl olunmasını dəqiq qiymətləndirmək mümkün deyil.