AZ

Klub prezidenti: "Premyer Liqada komanda sayı artırılmalıdır"

Məlum olduğu kimi, ilin əvvəlində I Liqa təmsilçisi “Zaqatala”nın prezidenti Şaban Şirdanov adıçəkilən rayonda Futbol Akademiyasının yaradılması üçün AFFA-ya müraciət etmişdi. Hazırda işlərin hansı mərhələdə olduğunu öyrənmək üçün klub prezidenti Şaban Şirdanov ilə əlaqə saxladıq.

Şirdanov "FutbolPress"ə açıqlamasında çempionatın sonunu gözlədiklərini qeyd etdi:

"Bütün məsələlərlə bağlı çempionatın sonunu gözləyirik. Veriləcək qərarlardan sonra müəyyən addımlar atacağıq. Çempionatda komanda sayının artırılması müzakirə olunur. Premyer Liqada bizə yer verilə bilər. Premyer Liqaya yüksəlsək, fərqli addımlar atılacaq, I Liqada qalsaq, ona uyğun hərəkətlər edəcəyik. Buna görə də AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək qərarları gözləmək lazımdır. İndi sadəcə təkliflərimizi irəli sürə bilərik. Bir neçə ay əvvəl də Zaqatalada akademiyanın açılaması ilə bağlı təşəbbüslə çıxış etmişdik. Burada uşaq futbolunu inkişaf etdirmək üçün şərait var. Yəqin ki, yaxın vaxtlarda bütün məsələlərə aydınlıq gələcək".

Klub rəhbəri komanda sayının artırılmasının inkişafa səbəb olacağını dedi:

"Komanda sayının artırılması ilə bağlı yekun qərarı İcraiyyə Komitəsi verəcək. Biz də bu barədə məlumatlları mətbuatdan oxuyuruq. Arzu edirik ki, futbolun inkişafı üçün format dəyişsin. Premyer Liqada komanda sayının artırılması inkişafa səbəb olacaq. Bu, futbolun daha da populyarlaşdıracaq. Bölgələrdə daha çox oyunlar keçiriləcək. Premyer Liqada komanda sayı artırılmalıdır".

Hazırda "Zaqatala" I Liqada 26 xalla 6-cı yerdədir. Şirdanov komandasının çıxışını da qiymətləndirdi:

"Komandanın çıxışını qiymətləndirən zaman onun hansı şərtlər daxilində formalaşmasını nəzərə almaq lazımdır. Detallara varmayaq, amma biz çempionata yaxşı hazırlaşa bilməmişdik. Bunu müxtəlif səbəblərlə əlaqələndirmək olar. Bütün bunları nəzərə alaraq, komandanın çıxışını qənaətbəxş hesab etmək olar. Lakin daha yaxşı nəticələrə nail ola bilərdik".

Məlik Məlikov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
24
Mənbələr
Şərh ()
Bağla