Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi son hərəkətləri və açıqlamaları ilə ölkəmizdəki olan-qalan nüfuzunu da itirdi.
Hələ AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçlə görüşdə qazanılan 3:0 hesablı ev qələbəsindən sonra italyan mütəxəssis necə vəcdə gəlmişdisə, oyundan sonra kimlərinsə ünvanına xoşagəlməz ifadələr səsləndirdi.
O, Avstriya və Belçika ilə ev oyunlarında guya çox yaxşı futbol sərgilədiklərini, bunu görmək istəməyənləri və əksini iddia edənləri isə “futboldan başı çıxmayan” və “gic” adlandırdı. Əslində bununla De Byazinin konkret kimin ünvanına söz atdığı müəmmalı olaraq qaldı.
Amma Belçika ilə səfər oyunundan öncə və sonra dedikləri ilə millimizin baş məşqçisi tamamilə həddini aşdı. O, əvvəlcə “Azərbaycanda ümumi fikir belədir ki, De Byazinin yığmanın baş məşqçi postundakı taleyi Belçika ilə oyunun nəticəsindən asılıdır. Siz də bu fikri bölüşürsünüzmü?” sualına cavab verməkdən yayındı. O, bunu “ağılsız sual” adlandırdı və daha ağıllı suallar verilməsini istədi.
Brüsseldəki rüsvayçı məğlubiyyətdən sonra isə italyan məşqçi tamamilə əndazəni aşdı. Onun matçdan sonra xüsusilə azərbaycanlı jurnalistlər haqqında səsləndirdiyi fikirləri daha öncə diqqətinizə çatdırdığımız üçün, bu yazıda onları təkrarlamağa ehtiyac duymuram. Amma De Byazinin xoşagəlməz davranışına və sözlərinə dair bəzi qeydlərimi diqqətinizə çatdırmağı özümə borc bilirəm.
Vaxtilə Azərbaycan millisində Berti Foqts kimi də faydasız, amma uğursuzluqlara rəğmən tutduğu postu əldən vermək istəməyən mütəxəssis çalışıb. O da idman jurnalistləri ilə yola getmirdi, amma almanlara xas təmkini ilə bütün suallara cavab verir, qarşısındakıları aşağılamır, stol-stula təpik atmırdı. Hətta idman jurnalistləri ona qarşı müxtəlif aksiyalar da keçirir, konfransları boykot edirdi. Bütün bunlara rəğmən Foqts, italyan həmkarı qədər çox irəli getmirdi, media əhli haqqında belə artıq əskik sözlər işlətmirdi. Çünki özü də medianın tənqidlərində haqlı olduğunu az-çox dərk edirdi. Amma De Byazi nəinki qəbahətini anlamır, əksinə bizi borclu çıxarır, hətta azərbaycanlı jurnalistləri aşağılamaqdan da çəkinmir.
Mətbuat De Byazidən hesabat tələb etməməlidir?
Bəzi azarkeşlər sosial şəbəkələrdə “Məgər bizim jurnalistlər Belçika üzərində qələbə gözləyirdilər?” deyə, De Byaziyə haqq qazandırırmışcasına fikirlər də səsləndirirlər. Amma söhbət təkcə Belçika üzərində qələbə gözləməkdən getmir. De Byazi ayına 100 minlər qazandığı halda oynatdığı futbol sıfırın altındadır. Heyət seçimi yanlış qərarlarla doludur. Hələ yığmaya oyunçu seçimini demirəm. Bəzən klubunda oynamayan futbolçulara dəvət göndərir, həmin oyunçular və digərləri daimi oynadığı, qollar vurduğu dönəmlərdə isə dəvət göndərməməklə təəccübləndirir.
Belə olan halda biz indi həqiqətlərə göz yummalı, ondan hesabat tələn etməməli, səhvlərini üzünə deməməliyik? Özü də onun bu səhvlərini tək jurnalistlər yox, müxtəlif futbol adamları da tez tez vurğulayırlar. O, qazandığı pulun qarşılığında futbolumuza bir qəpiklik fayda vermədiyi halda boş-boş nağıllar danışıb, gözə kül üfürməyə çalışdığı bir vaxtda biz niyə səhvlərini üzünə vurmamalıyıq? Azərbaycanın pulunu yediyi halda ölkəmizə, onun vətəndaşlarına qarşı yuxarıdan aşağı baxan, hətta təhqirə əl atan bu qocaya niyə gözün üstə qaşın var deməməliyik?
Dünyanın hətta ən güclü futbol ölkələrində də nəinki millinin, hətta klub komandalarının baş nəşqçiləri jurnalistlər tərəfindən sorğulanır, hesabat tələb olunur. Jurnalistin işi elə haqqı yazmaq, çatışmazlıqları qabartmaq, hesabat tələb etməkdən ibarətdir. De Byazidən qat-qat güclü, ünlü mütəxəssislər də medianın haqlı iradları və sualları ilə qarşılaşırlar. Sadəcə, onlar De Byazi qədər həyasızlıq etmirlər, tənqidlərə və haqlı iradlara normal cavablar verirlər, səbəbləri izah edirlər. Canni De Byazi isə elə hey futbolumuzu, ölkəmizi aşağılamaqla, təsadüfi qələbələri, heç-heçələri də böyük uğur kimi təqdim etməklə məşğuldur.
Təcili “fatihəsini verib”, “qavalamaq” lazımdır
İsveç üzərindəki qələbədən sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbət zamanı De Byazinin aqibəti barədə suala da cavab vermiş və maraqlı fikir səsləndirmişdi. “Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin”.
Brüsseldəki darmadağından və baş verənlərdən sonra De Byazinin “fatihəsinin verildiyi” barədə məlumatlar yayılmağa başlayıb. Elə bu gün AFFA rəsmi saytı vasitəsilə də sabah İcraiyyə Komitəsinin fövqəladə iclasının keçiriləcəyini açıqladı. İclasın gündəliyindəki yeganə məsələ də De Byazinin hesabatını dinləmək və onunla müqavilə müddətinin artırılıb-artırılmaması ilə bağlıdır.
Rövnəq bəy, De Byazinin fatihəsini indi yox, hələ aprel ayında müqaviləni yenilədiyiniz vaxt vermək lazım idi. Elə onu heç bir nəticə vermədiyi halda, sanki çox uğurlu biri kimi bu qədər postunda saxladığınız üçündür ki, indi bu qədər dili uzanıb. Amma daha bu son həddir. Özünü böyük məşqçi hesab etdiyi halda bacarığı göz qabağında olan bu qocanı təcili “qavalayıb”, işləmək, nəticə vermək üçün alışıb yanan daha gənc mütəxəssislər axtarıb tapmaq lazımdır. Məsələn, Qazaxıstan yığmasını qısa müddətdə az qala Avropa çempionatına çıxarmağa çox yaxın olan Məhəmməd Adiyev kimi…
Millimizin indiki heyəti bəlkə də tarixin ən yaxşılarındandır. Sadəcə, bu işaqları bir ideya ətrafında birləşdirən, döyüşkən ruhlu bir komandaya çevirəcək yaxşı mütəxəssisə ehtiyac var. Ümid edək ki, AFFA rəhbərliyi gələcək illərdə yığmamızı De Byaziyə rəhmət oxutduracaq hansısa mütəxəssisə yox, tamamilə unutduracaq birinə tapşıracaq…
Pərviz Ağayev