Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 14-cü turu çərçivəsində baş tutan Düsseldorf “Fortuna”sı ilə matçın iştirakçısı olub.
Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıblar – 2:2. Mahir bu oyunda start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı hücumçu bu oyunda fərqlənə bilməyib.
“Nürnberq” 14 oyuna topladığı 19 xalla hazırda 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 4 heç-heçə edib, 5 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını dekabrın 6-da səfərdə “Elversberq”ə qarşı keçirəcək.
Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 10 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.