Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı təkliflər təqdim edib.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan tərəfləri narahat edən bütün məsələlər üzrə konkret təkliflər və həll yolları təqdim edib və hazırda Azərbaycanın cavabını gözləyir. O, hökumətinin sülh gündəliyinə sadiq qaldığını və bu istiqamətdə fəal səylərini davam etdirdiyini vurğulayıb.
Bundan əlavə, Paşinyan Kobaxidzeyə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi barədə məlumat verib. O bildirib ki, prosesin növbəti mərhələsi Ermənistan, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin kəsişmə nöqtəsinin yaxınlığından başlayacaq.
“Gürcüstanın Baş naziri ilə bugünkü müzakirələr çərçivəsində biz həmçinin Ermənistan-Gürcüstan sərhədinin delimitasiya prosesinin intensivləşdirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə Paşinyan əlavə edib.