AZ

"Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı"

Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir.

Bu sözləri "Report"a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, 2 fevral - Gənclər Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir:

“Gənclər Günü" MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb. Ulu öndər Heydər Əliyev bununla bağlı 1997-ci ildə müvafiq fərman imzalayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra 1999-cu ilin 12 avqust tarixində BMT Baş Məclisi tərəfindən Beynəlxalq Gənclər Günü elan edilib. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir vətəndaş kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar".

F.Şahbazlı bildirib ki, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir:

"Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və regionlarda Gənclər evlərinin, Gənclərin Karyera və İnkişaf Mərkəzlərinin fəaliyyət göstərməsi gənclərlə işin dövlət siyasətinin prioriteti olduğunu sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

İctimai Birlik sədri qeyd edib ki, bu gün Azərbaycan gənclərinin uğurlu sədası dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidilir.

Seçilən
6
5
demokrat.az

6Mənbələr