AZ

USAID-in layihələri dayandırıldı....

Qərargahının divarlarından loqo və fotoşəkillər götürülüb, sosial hesabı və saytı bağlanıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtondakı qərargahı  yeni  administrasiyada  Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri olan İlon Maskın “Prezidentlə agentliyin ləğv edilməsində razılaşdıq” açıqlamasından sonra bağlanıb. CNN-nin yaydığı  məlumata əsasən, Vaşinqtonda Ronald Reyqan binasında yerləşən  USAID-in Baş Qərargahı  3 fevral 2025-ci il qapılarını qapadıb. Məlumatda bildirilib ki, binaya texniki xidmət funksiyalarını yerinə yetirən işçilər istisna olmaqla, digərlərinin gəlməsinə icazə verilmir. Binanın divarlarından USAID-in fəaliyyətini təsvir edən loqo və fotoşəkillər götürülüb. Bunun ardından agentliyin “X” sosial platformasındakı hesabı və saytı bağlanıb.

USAID sistemlərinə giriş icazəsi verməkdən imtina etmişdi...

Xatırladaq ki, fevralın 2-də Mask USAID-i cinayətkar təşkilat adlandıraraq bildirmişdi ki, onun fəaliyyətinin  bitməsinin vaxtı çatıb. Tramp isə öz növbəsində qeyd etmişdi ki, USAID-i radikal dəlilər idarə edir və biz onları kənarlaşdıracağıq”. “The Wall Street Journal” və “NPR”in yazdığına görə, agentlik bəzi işçilərini ödənişsiz məzuniyyətə göndərib, bəzi əməkdaşların isə müqavilələrə xitam verilib.

İlon Mask “X Spaces”in efirində Trampla USAID-i müzakirə etdiyini və təşkilatın bağlanmasının razılaşdırıldığını söyləyib. CNN-nin məlumatına görə, Trampın agentliyi tamamilə bağlayaraq Dövlət Departamentinə təhvil verəcəyi gözlənilir.

“Bloomberg”in xəbər verdiyi kimi, ötən həftə sonu agentliyin iki yüksək səviyyəli təhlükəsizlik əməkdaşı DOGE üzvlərinə USAID sistemlərinə giriş icazəsi verməkdən imtina etmişdi, ardından isə həmin əməkdaşlar işdən çıxarılmışdılar. DOGE əməkdaşları fevralın 1-də agentliyin baş qərargahına gələrək, digər məsələlərlə yanaşı, məxfi fayllara giriş əldə etməyə çalışıblar. Uzun mübahisələrdən sonra bəzi materiallarla tanış ola biliblər. DOGE rəsmisi Keti Miller daha sonra X-də yazıb ki, müvafiq təhlükəsizlik icazəsi olmadan heç bir məxfi material əldə olunmayıb.  Bundan əlavə, USAID-ə keçən həftə Dövlət Departamentinin agentliyin “Google Disk” bulud yaddaşına giriş əldə etdiyi barədə məlumat verilib - bu barədə USAID rəsmisi CNN-ə bildirib. “ABŞ Dövlət Departamentinin indi bizim bütün daxili sənədlərimizə və bütün materiallar toplusuna, ümumi sənədlərə - demək olar ki, hər şeyə - bütün sistemimizə çıxışı var”

Marko Rubio xarici yardım göstərməyi qadağan edən direktiv verdi

USAID 1961-ci ildə ABŞ prezidenti Con Kennedinin sərəncamı ilə yaradılmış ABŞ hökumətinin “müstəqil” agentliyidir. Agentlik xarici yardımın idarə edilməsinə və inkişaf layihələri üçün qrantların verilməsinə cavabdehdir. Təşkilat  üzdə uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşsa da, bunlar aysberqin yalnız görünən üzüdür. Əslində isə USAID “alt qol” kimi formalaşdırılıb və yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır.

Qurum son dövrlərdə xüsusilə, Ukraynada bir çox layihələri maliyyələşdirib.

Ötən həftə dövlət katibi Marko Rubio Dövlət Departamentinə və USAID-ə proqramlara baxılana qədər xarici yardım göstərməyi qadağan edən direktiv vermişdi. Bu iki agentlik ABŞ tərəfindən verilən xarici yardımın təxminən 90 faizini özündə birləşdirir. USAID 2023-cü ildə 42,5 milyard dollar, Xarici İşlər Nazirliyi isə 18,9 milyard dollar beynəlxalq yardımlar üçün pul ayırıb. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının inkişaf etmiş ölkələri tərəfindən verilən xarici yardım ümumilikdə 223,3 milyard dollar təşkil edir ki, bunun da 64,69 milyard dolları ABŞ-ın payına düşür.

Prezident İlham Əliyev: O, ümumiyyətlə, sıradan çıxa bilər...

Ölkəmizdə də bir zamanlar bu kimi proseslərin şahidi olmuşuq - USAID-in maliyyəsi ilə ölkədə qeyri-sabitllik yaratmağa çalışan, milli maraqlara qarşı çıxanlar sifariş əsasında direktivlər yerinə yetirməklə məşğul idilər. Azərbaycan dövləti milli maraqlara təhdid yaradan bu amillərin aradan qaldırılması istiqamətində əsaslı işlər gördü. Bayden administrasiyasının konkret bölgələrə münasibətdə xarici siyasət kursunun əlaqələndiricisi kimi çıxış edən USAID bu məsələdə “həlqə” rolunu oynayırdı. USAID və onun rəhbəri Samanta Pauer öz işlərini “qlobal vətəndaş cəmiyyəti şəbəkəsi”, “demokratiyanın inkişafı uğrunda şəbəkə”, “azad informasiya resursları şəbəkəsi” adı altında kamuflyaj etməyə çalışırdı. Ancaq təşkilatın bu planları  bütün dünyada ifşa edildi. Prezident İlham Əliyev ötən ilin sonunda “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, yardım asılılıq yaratmamalıdır: “Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.

Prezident İlham Əliyev qeyd etmişdi ki, Rusiya USAID-i qadağan etməklə doğru iş görüb: “Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.

Göründüyü kimi, Tramp hakimiyyətə gəlişinin ilk günlərindəcə USAID-in bağlanması prosesi start götürdü. Bu fakt bir daha Azərbaycan Prezidentinin prosesləri nə qədər düzgün qiymətləndirdiyini təsdiqləyir, ölkəmizin xarici siyasət kursunun mühüm prioritet və hədəflərə yönəlindirildiyini özündə ehtiva edir.

Qərb mətbuatı ifşa etdi...

USAID-in qeyri-qanuni əməlləri az müddət öncə Qərb mətbuatında da ifşa olunmuşdu. Bir sıra aparıcı nəşrlər birgə araşdırmasında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCPR-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramı haqda yazı hazırlamışdı v orada qeyd edilirdi ki, OCCPR Vaşinqtonun təsir rıçaqlarından biri və ən önəmlilərindən sayılır. OCCPR-nin əsas məqsədi ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların (daha çox yalanların) “araşdırmaçı jurnalist” məhsulu kimi təqdimatı və bununla Bayden hakimiyyətinin xarici siyasətində təsir rıçaqı rolunu oynamasıdır. “Konsorsiumun” maliyyələşdirilməsinin əsas hissəsinin isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Açıq Cəmiyyət Fondu (OSF) tərəfindən aparıldığı vurğulanırdı. Araşdırmaya görə, yarandığı ilk illərdə ABŞ federal hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. OCCRP-nin yaradıldığı dövrdən indiyədək ABŞ hökuməti müstəqil qeyri-kommersiya redaksiyasına azı 47 milyon dollar ayırıb və əlavə 12 milyon dollar ayırmağı öhdəsinə götürüb.

OCCRP -in USAID ilə əlaqələri isə məhz lokal maraqların təmininə istiqamətlənib. Az müddət əvvələ qədər OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrin kurasiya edirdi və o bildirmişdi ki. ABŞ hökumətinin OCCRP-yə verdiyi dəstəkdən fəxr edir: “Biz fəxr edirik ki, ilk ictimai donor olduq. USAİD, yəni ABŞ hökuməti OCCRP-yə dəstək verən ilk ictimai donor kimi tarixə yazıldı”.

USAID-in erməni sevdası...

USAID-in fəaliyyətində hər zaman “ermənipərəstlik” də qırmızı xəttlə keçib. Qeyd edək ki, ötən ilin iyul ayında USAID-in rəhbəri Samanta Pauer Ermənistana səfər etmişdi. Səfər zamanı təşkilatın Ermənistanda “Amazon web service” ilə hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayırdığı bildirilmişdi. S.Pauer USAID Ermənistanın informasiya texnologiyaları sektoruna daha 2,4 milyon dollar ayıracağını da elan etmişdi.  USAID rəhbəri 2023-cü ildə də Ermənistana səfər edib və səfər zamanı Qarabağı könüllü tərk edən ermənilərlə görüşərək Azərbaycanın əleyhinə fikirlər səsləndirmişdi.

Lakin təşkilat bununla da kifayətlənməyib. Ötən ilin sentyabrında USAID Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bu vəsaitlər “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcəkdi”.

P.SADAYOĞLU

Seçilən
18
50
yeniazerbaycan.com

10Mənbələr