"Toyota Motor Corp." və "Mitsubishi Heavy Industries Ltd." bu gün verdikləri açıqlamada informasiya təhlükəsizliyi baxımından narahatlıqlarını əsas gətirərək Çin startapı "DeepSeek" tərəfindən hazırlanmış generativ süni intellekt modelindən işçilərinin istifadəsini qadağan etdiklərini bildiriblər.
Valyuta.Az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Bu addım Yaponiya şirkətləri arasında texnologiyanın məlumat təhlükəsizliyi ilə bağlı artan narahatlıqları əks etdirir.
Yanvarda təqdim olunan "DeepSeek" adlı Çin süni intellekt çatbotunun son versiyası qlobal miqyasda böyük diqqət çəkib. Şirkət bu modelin "OpenAI" şirkətinin "ChatGPT" süni intellekti ilə eyni səviyyədə işlədiyini, həmçinin onun xeyli aşağı maliyyə hesabına hazırlandığını iddia edib.
Lakin "DeepSeek"in istifadəsinə məhdudiyyətlər həm ölkə daxilində, həm də xaricdə artmaqdadır. Yaponiya hökuməti süni intellekt tərəfindən toplanan şəxsi məlumatların Çindəki serverlərdə saxlanıldığını və bu məlumatların Çin qanunvericiliyinə tabe olduğunu əsas gətirərək ehtiyatlı davranmağa çağırıb.
"Toyota"şirkətinin rəsmisi, "Biz informasiya təhlükəsizliyi baxımından narahatıq", – deyə bildirib.
"Mitsubishi Heavy" də eyni qaydada bu süni intellekt modelindən iş məqsədilə istifadəyə icazə vermir.
Yaponiyanın telekommunikasiya şirkəti "SoftBank Corp." şirkət daxilində "DeepSeek"ə girişə məhdudiyyət qoyduğunu və əməkdaşlarına iş cihazlarında bu çatbotu yükləməyi və istifadə etməyi qadağan etdiyini açıqlayıb.
Məlumat sənayesi üzrə böyük şirkətlərdən birinin nümayəndəsi "DeepSeek"in digər generativ süni intellekt modellərindən fərqləndiyini və bunun "yüksək risk" yaratdığını qeyd edib.
Böyük bir tikinti şirkətinin nümayəndəsi isə məlumat sızması və toplanan məlumatların süni intellektin öyrədilməsi üçün istifadəsi risklərini nəzərdən keçirdiklərini bildirib.
Bir çox Yapon şirkəti yalnız Amerika şirkətləri tərəfindən hazırlanmış süni intellekt xidmətlərindən istifadəyə icazə verir.
Çin hökuməti isə "DeepSeek"in istifadəsinə məhdudiyyətlər qoyulmasını tənqid edərək məlumat sızması ilə bağlı iddiaları rədd edib.
"Qeyd edim ki, Çin hökuməti məlumat məxfiliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verir və bunu qanun çərçivəsində qoruyur. Biz heç vaxt və gələcəkdə də heç bir şirkət və ya fərddən qanunlara zidd olaraq məlumat toplamasını və ya saxlamasını tələb etməyəcəyik" – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Cziakün keçən həftə keçirdiyi mətbuat konfransında bildirib.
O, Çinin milli təhlükəsizlik anlayışının genişləndirilməsinə və ticarət, texnologiya məsələlərinin siyasiləşdirilməsinə qarşı olduğunu vurğulayaraq, "Biz Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qəti şəkildə qoruyacağıq" – deyə əlavə edib.
Qeyd edək ki, "DeepSeek"lə bağlı məlumat sızması narahatlıqları Çinin 2017-ci ildə qüvvəyə minən milli kəşfiyyat qanununa əsaslanır. Bu qanuna görə, şirkətlər milli orqanlarla məlumat toplama sahəsində əməkdaşlıq etməyə borcludur.
Rəhim