Keçən ilin sonunda ciddi çətinliklərlə üzləşən "Nissan" rəqibi "Honda"dan gözlənilməz təklif aldı: hər iki yapon avtomobil istehsalçısına Çin brendləri ilə rəqabətdə üstünlük qazandıracaq 60 milyard dollarlıq birləşmə planı.
Lakin illərdir davam edən zəif satışlar və idarəçilik böhranı "Nissan"ı çətin vəziyyətə salmışdı. Xüsusilə də şirkətin ABŞ-də – əsas bazarlarından birində – hibrid avtomobillərə olan tələbi düzgün qiymətləndirməməsi vəziyyəti daha da ağırlaşdırmışdı.
Buna baxmayaraq, danışıqlar cəmi bir ay ərzində uğursuzluğa düçar oldu. Məsələyə yaxın altı mənbənin bildirdiyinə görə, "Nissan"ın öz vəziyyətini kifayət qədər ciddi qəbul etməməsi, şirkət daxilindəki qürur hissi, eləcə də "Honda"nın təklifini qəfil dəyişdirərək "Nissan"ın törəmə şirkətə çevrilməsini irəli sürməsi razılaşmanın pozulmasına səbəb olub.
Üç mənbənin sözlərinə görə, 2020-ci ilə qədər "Toyota"dan sonra Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı olan "Nissan", zəif vəziyyətinə baxmayaraq, danışıqlarda bərabər tərəf kimi qəbul edilməkdə israr edirdi.
"Honda", "Nissan"dan işçi qüvvəsi və zavod tutumu ilə bağlı ciddi ixtisarlar etməyi tələb etsə də, "Nissan" siyasi baxımdan həssas olan zavod bağlanmalarını nəzərdən keçirmək istəmirdi. Mənbələr bildirib ki, "Nissan" rəhbərliyi, bütün çətinliklərə baxmayaraq, vəziyyətdən müstəqil şəkildə çıxacağına inanırdı.
Bu inadkarlıq və "Honda" rəhbərliyinin "Nissan"ın qərar qəbul etmə sürətini zəif hesab etməsi, nəticədə dünyanın ən böyük avtomobil şirkətlərindən birinin yaradılması planlarının iflasa uğramasına səbəb olub.
Bu araşdırmada "Reuters"in bir çox mənbəyə istinadən təqdim etdiyi və daha əvvəl açıqlanmayan bəzi məqamlar yer alır. Bunlara "Nissan"ın bağlamaq istəmədiyi zavodlarla bağlı detallar, "Honda" tərəfindən təklif edilən ixtisarlara qarşı müqavimət və "Nissan" daxilində "Honda" rəhbərliyinin tələblərinə reaksiyalar daxildir.
Bu araşdırma "Nissan" daxilindəki düşüncə tərzini daha yaxşı anlamağa kömək edir. Şirkət hazırda dərinləşən böhranla yanaşı, Meksikada istehsal olunan avtomobillərinə qarşı ABŞ-nin tətbiq edə biləcəyi yeni tariflər təhlükəsi ilə də üzləşir. Qeyd edək ki, "Nissan"ın ABŞ-də satılan avtomobillərinin dörddə birindən çoxu Meksikada istehsal olunur.
Qeyd edək ki, həm "Nissan", həm də "Honda" cümə axşamı maliyyə hesabatlarını açıqlayacaq.
"Tənəzzülün səbəbi idarəetmə problemidir", – deyə "Pelham Smithers Associates" tədqiqat şirkətinin analitiki Culi But bildirib. "Onlar öz mövqelərini, brend dəyərlərini və biznesi yenidən canlandırmaq qabiliyyətlərini həddindən artıq qiymətləndirirlər."
Məlumata görə, "Nissan"ın baş icraçı direktoru Makoto Uçida ötən həftə "Honda" rəhbəri Toşihiro Mibeilə görüşü zamanı "Honda" tərəfindən törəmə şirkət olma təklifindən sonra danışıqlara son qoymaq istədiyini bildirib.
Hər iki avtomobil istehsalçısı bu ay müzakirələrin nəticəsi ilə bağlı yenilənmiş məlumat təqdim edəcəklərini açıqlayıb.
"Kyuşu səfəri"
Yanvar ayının sonunda "Nissan"ın icraçı direktoru Hideyuki Sakamoto Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasına səfər edərək 500 yeni iş yeri yaradacaq elektrikli avtomobil (EV) zavodunun qurulacağını elan etdi.
Lokal siyasətçilərin əhatəsində çıxış edən Sakamoto, "Nissan"ın Kyuşudakı mövcud zavodunun istehsal gücünü azaltmayacağını bildirdi. O, Kyuşunu "geosiyasi baxımdan yüksək rəqabət qabiliyyətinə malik baza" adlandıraraq, bu bölgənin "Nissan"ın gələcək elektrikli avtomobil strategiyası üçün önəmli olduğunu vurğuladı.
Sakamotonun Kyuşuya səfərindən bir gün sonra "Honda" rəhbəri Toşihiro Mibe, Uçidaya "Nissan-ın "Honda" törəmə şirkətinə çevrilməli olduğunu bildirdi. Bu tələb keçən ilin sonunda imzalanan ilkin razılaşmada yer almamışdı.
Kyuşu, "Nissan"ın toxunulmaz hesab etdiyi yeganə zavod deyildi. Şirkət, ABŞ-nin Tennessi ştatındakı "Smyrna", Meksikadakı "Aguascalientes" və Böyük Britaniyanın "Sunderland" zavodlarını da elektrikli avtomobil strategiyası üçün kritik hesab edir və onları bağlamaq və ya istehsal gücünü azaltmaq niyyətində deyildi.
Məlumata görə "Honda" rəhbərliyinin razılaşmanın strukturunu qəfil dəyişdirməsi şirkətin "Nissan"la danışıqların ləng getməsinə qarşı artan narazılığının göstəricisi idi.
Həmçinin "Nissan" bu təklif qarşısında gözlənilmədən yaxalanmışdı, çünki bu, əvvəlcədən razılaşdırılmış memorandumun şərtlərinə zidd idi. Bir mənbə qeyd edib ki, "Nissan" daxilində "Honda" rəhbərliyinin bu addımı “qəbuledilməz” və tarixi baxımdan daha köklü avtomobil istehsalçısı olan "Nissan"ın nüfuzuna qarşı təhqir kimi qiymətləndirilirdi.
"Renault"un mövqeyi
"Nissan"ın əsas səhmdarı olan "Renault", birləşmə danışıqlarına birbaşa müdaxilə etməsə də, əldə olunan son məlumatların sövdələşmənin "Nissan"ın "Honda" tərəfindən satın alınması ilə nəticələnəcəyini göstərdiyini bildirib. Şirkət qeyd edib ki, bu prosesdə "Nissan" səhmdarları üçün hər hansı əlavə nəzarət mükafatı nəzərdə tutulmur.
Belə bir nəticənin "qəbuledilməz" olduğunu vurğulayan "Renault", öz maraqlarını "qətiyyətlə müdafiə edəcəyini" bəyan edib.
"Yeni tərəfdaşlar"
Avtomobil istehsalçılarının danışıqlar masasına geri qayıtmasını təmin edəcək bir amilin olub-olmadığı hələlik qeyri-müəyyəndir.
Dekabr ayında imzalanan qarşılıqlı anlaşma memorandumuna əsasən, əgər hər iki şirkət danışıqları dayandırmaq qərarına gəlsə, heç biri 100 milyard yen (təxminən 650 milyon dollar) məbləğində cərimə ödəmək məcburiyyətində qalmayacaq.
"Reuters"in məlumatına görə, "Nissan" yeni tərəfdaşlarla əməkdaşlığa açıqdır və bunlardan biri də "Apple" şirkətinin "iPhone" modellərini istehsal edən Tayvanın müqaviləli istehsalçısı "Foxconn" (2317.TW) ola bilər. Lakin "Foxconn" bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Şirkətin sədri Yanq Liu çərşənbə günü bildirib ki, "Foxconn"ın məqsədi "Nissan"ı satın almaq deyil, onunla əməkdaşlıq etməkdir.
Qeyd edək ki, "Foxconn"ın elektrikli avtomobil biznesinə vaxtilə "Nissan"ın yüksək vəzifəli rəhbərlərindən biri olmuş Cün Seki rəhbərlik edir. O, bir müddət "Nissan"ın baş icraçı direktoru postuna əsas namizədlərdən biri hesab olunurdu.
"Asymmetric Advisors" şirkətinin Yapon səhmləri üzrə strateqi Əmir Ənvərzadənin (Amir Anvarzadeh) fikrincə, "Foxconn", "Honda" ilə müqayisədə "Nissan" üçün daha əlverişli tərəfdaş ola bilər. Çünki "Foxconn" avtomobil sənayesində nüfuzlu bir brendlə işləməyə ehtiyac duyur və bu baxımdan "Nissan" cazibədar variant kimi görünə bilər.
"Ola bilsin ki, "Nissan"ın avtomobilləri və maliyyə vəziyyəti ilə bağlı müxtəlif fikirlər var, amma ən azı onun brendi hələ də kifayət qədər tanınandır", – deyə Ənvərzadə bildirib.
İndiyə qədər Yaponiyanın hökuməti "Honda" və "Nissan" arasındakı danışıqların pozulmasına necə baxdığı və "Foxconn"un "Nissan"ı satın alması ehtimalına münasibəti barədə konkret açıqlama verməyib. Qeyd edək ki, "Foxconn" eyni zamanda istehlak elektronikası sahəsində fəaliyyət göstərən "Sharp Corp"un əsas səhmdarıdır.
Analitik Culi Butun sözlərinə görə, "Nissan" üçün əsas sual rəhbərliyin bundan sonra hansı addımları atacağıdır.
"Onlar nə avtomobil sənayesində baş verən dəyişiklikləri, nə də "Nissan"da həqiqətən nələrin baş verməli olduğunu real dəyərləndirirlər", – deyə But vurğulayıb.
Rəhim