“Veymar+” formatında keçirilən görüşün yekunlarına dair birgə bəyanata əsasən, Avropa ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının nümayəndələri Ukraynanın ərazi bütövlüyünü dəstəkləyiblər.
“Biz Ukraynaya dəstəyimizi gücləndirməyə hazırıq. Biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə sadiqik”, – Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın, eləcə də Avropa Komissiyasının və Avropa Diplomatik Xidmətinin bəyanatında deyilir.
Sənəd müəllifləri qeyd edirlər ki, həm Ukrayna, həm də Avropa sülh danışıqlarında iştirak etməli və Kiyev ciddi təhlükəsizlik zəmanəti almalıdır.
Bir gün əvvəl, fevralın 12-də Ukraynanın təhlükəsizliyinə dair “Ramşteyn” formatında keçirilən görüşdə Pentaqon rəhbəri bəyan edib ki, Kiyevin itirilmiş əraziləri geri qaytarmaq cəhdləri “müharibənin müddətini uzadacaq və daha çox iztirablara səbəb olacaq”. ABŞ prezidenti Donald Tramp Pit Heqsetin fikri ilə razılaşıb. O, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını çətin adlandırıb, lakin etiraf edib ki, gələcəkdə Kiyev itirilmiş ərazilərini geri ala biləcək.
//Samir Qurbanov, Editor.az