Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.
Danışıqlar zamanı Türkiyə ilə Ukrayna arasında tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılması lazım olan addımlar müzakirə olunacaq.
Səfər zamanı Ukraynadakı son hadisələr, digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, görüşün nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib ki, Ankara Ukrayna münaqişəsinin həllinə töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır.
“Biz Amerika administrasiyası və avropalılarla mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirik”, - nazir qeyd edib.
Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müxtəlif vasitələr axtarışındadır ki, özünün istəklərinə uyğun sülh əldə olunsun:

"Hazırkı təqdim olunan sülh planı Ukraynanın maraqlarının əleyhinədir. Buna görə də Zelenski çabalar içərisindədir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşmək üçün Türkiyəyə səfər edib. Ümumiyyətlə Zelenski güman edir ki, Ərdoğan Ukraynanın mövqelərinin möhkəmlənməsinə dəstək olacaq. Bununla yanaşı, Parisdə müharibə ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələrin görüşü də bir nəticə vermədi. Bu qurumun öz daxilində də fikir ayrılıqları və ziddiyyətlər dərin xarakter daşıyır. Türkiyə isə Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində uzun müddətdir ki, fəaliyyət göstərir. Antalya diplomatik formu, iki ölkənin xarici işlər nazirlərinin və İstanbulda nümayəndə heyətlərinin görüşünün təşkil olunması kifayət qədər mühüm nailiyyətlər kimi qiymətləndirilir. Elə bir şərait yaranmışdı ki, Moskva və Kiyev arasında uzlaşdırıcı mövqeni heç bir dövlət tuta bilmirdi. Eyni zamanda Qara Dəniz hövzəsində də Türkiyə sözügedən ölkələrə həmsərhəddir. Bu da təbii vasitəçi kimi regional məsələlərin həllində maraqlı dövlət kimi rəsmi Ankaranı önə çəkir".
Politoloqun sözlərinə görə, Zelenski və Ərdoğan arasında görüş əsnasında Ukraynanı razı salan nəticələr əldə olunacaq:
"Lakin Türkiyə də burada öz maraqlarını gedəcək. Ümumiyyətlə bu gün hər bir dövlət Ukrayna üzərində öz iqtisadi mənfəətini güdür. Bu da müharibənin, məğlubiyyətin və geopolitik gedişlərin acı nəticəsidir".