1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayıb. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.
Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.









Mərahim Nəsib