ABŞ Ukraynaya hərbi yardımı dayandırıb.
“İki sahil” xəbər verir ki, Ağ Ev bu xəbəri "Reuters"ə təsdiqləyib.
"Bloomberg" isə yüksək rütbəli Pentaqon rəsmisinə istinadla yazır ki, Kiyev Moskva ilə sülh sazişi bağlamaq istəyini nümayiş etdirənə qədər belə bir addım müvəqqəti tədbirdir. Xarici KİV-in yazdığına görə, Donald Tramp səlahiyyət müddətinin əvvəlindən Ukraynaya silah tədarükünə şübhə ilə yanaşsa da, Ağ Evdə Vladimir Zelenski ilə mübahisədən sonra ciddi tədbirlər görmək qərarına gəlib.
Bu, xüsusən də Polşadan tranzit keçən Amerika hərbi texnikasının, o cümlədən silahların tədarükünə aiddir. Kieldəki Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, müharibə başlayandan bəri ABŞ Ukraynaya hərbi və iqtisadi dəstək üçün 100 milyard dollardan çox vəsait xərcləyib.
“The New York Times” yazır ki, Donald Trampın qərarı dəyəri 1 milyard dollardan çox olan silah və sursata təsir edir, onlardan bəziləri yenicə tədarük üçün hazırlanır, digərləri isə artıq Ukraynaya yollanıb. Bloomberg-in məlumatına görə, sözügedən silahlar arasında kritik döyüş sursatları, o cümlədən yüzlərlə idarəolunan reaktiv yaylım atəşi sistemləri və tank əleyhinə silahlar var.