AZ

Totti: “Yamal hələ az qol vurur”

İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti Lamin Yamal haqda qənaətini açıqlayıb.

Arena.az xəbər verir ki, o, İspaniya millisinin və “Barselona”nın 17 yaşlı sağ cinah hücumçusu barədə bunları dilə gətirib:

“Yamal əvvəlki kimi az qol vurur. O, güclüdür, Avropa çempionatında parlayırdı. Ümumilikdə o, qaydasındadır, amma hələ də az qol vurur”, deyə Totti vurğulayıb.

Yeri gəlmişkən, Lamin Yamal tezliklə Kataloniya klubu ilə müqaviləsinin müddətini uzadacaq. Bu barədə yeniyetmə futbolçunun agenti məlumat verib:

“Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadacaq”, deyə futbolçunun agenti qısaca vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 11 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 87 oyun, 18 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
26
3
arena.az

5Mənbələr