Pakistan və Əfqanıstan Donald Tramp administrasiyasının ABŞ-yə girişini qadağan edəcəyi ölkələr siyahısına daxil edilə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hökuməti qadağanı artıq gələn həftə tətbiq edə bilər. Agentliyin anonim qalmaq istəyən müsahibləri qeyd ediblər ki, bu qərar hökumət tərəfindən ölkənin təhlükəsizlik risklərinin təhlili əsasında qəbul edilib. Digər ölkələrin vətəndaşlarının da ABŞ-yə girişi qadağan edilə bilər, lakin mənbələr söhbətin məhz hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.
Daha əvvəl “The New York Times” qəzeti Ağ Evin bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişinə qadağa qoymağı planlaşdırdığını bildirmişdi. Nəşrin mənbələrinin məlumatına görə, qırmızı siyahıya Trampın ilk prezidentlik müddətində vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələrin daxil ediləcəyi ehtimal olunur.
Qəzet bu ölkələr arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanı qeyd edib. Bundan başqa, "Birləşmiş Ştatlara girişi qəti şəkildə qadağan ediləcək" ölkələr siyahısına Əfqanıstan da əlavə edilə bilər.