EN

“De Byazinin Azərbaycanda çalışmaq istəmədəyini bilmirdim” – köməkçisindən açıqlama

Dünən AFFA İcraiyyə Komitəsinin qərarıyla Canni de Byazi ilə müddəti sona çatmış müqavilə yenilənmədi və italiyalı yığmanın baş məşqçisi postundan ayrıldı.

"Football-plus.az" bununla bağlı yığmanın məşqçisi Arif Əsədovun fikirlərini öyrəndi:

"De Byazinin Azərbaycanda çalışmaq istəmədəyini bilmirdim. Çoxu kimi, mən də iclasdan sonra öyrəndim ki, özü getmək istəyib. Emosional insandı, hisslərini gizlədə bilmir. Məğlubiyyəti həzm etmək istəmirdisə, qələbə qazananda da sevincinin həddi-hüdudu olmurdu. İstəyirdi ki, millimiz daha yaxşı nəticələr qazansın, daim inkişaf etsin".

Arif bəy yığmanı yerli, yoxsa əcnəbi mütəxəssisin çalışdırması haqda sualımızı da cavabladı:

"Əlbəttə, baş məşqçi yerli olsa, daha yaxşı olar. Ölkəmizdə təcrübəli futbol adamları var. Hər kəs istəyər ki, millini çalışdırsın. Çünki, bu istənilən məşqçi üçün karyerasının zirvəsidi".

Bilindiyi kimi, bu posta namizədlərdən biri də məhz Arif Əsədovdu. O, mövzunu belə dəyərləndirdi:

"Millinin baş məşqçisi olmaq böyük şərəfdi. Məncə, bu vəzifədən heç kim narazılıq etməz. 4 ildi yığmadayam, böyük təcrübə toplamışam, işə bələdəm. Daha əvvəl də çox uğur qazanmışam. Bunları təkrarlasam, özümü reklam etmiş olaram. Lakin yenə deyirəm ki, yığmamızın baş məşqçisi olmaq mənim üçün qürur olar. Yenə də veriləcək istənilən qərara hörmətlə yanaşacam”.

KƏNAN BAHADIR 
Chosen
730
50
football-plus.az

10Sources