EN

De Blekere “Neftçi” - “Sabah” matçında hakim səhvini etiraf etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodları şərh edib.

Arena.az xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında ilk olaraq 65-ci dəqiqədəki mümkün penalti epizoduna şərh verib:

“Sabah” komandasının üzvü Xəyal Əliyev cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin müdafiəçisi Yuri Matias top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik.

Lakin “Neftçi”nin oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır”, deyə Frank De Blekere hakimin səhv qərar verdiyini etiraf edib.

Xatırladaq ki, “Neftçi” – “Sabah” qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb. 19 turdan sonra 27 xalı olan “Sabah” hazırda Azərbaycan Premyer Liqasının yarış cədvəlində 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “Neftçi” isə 18 xalla 7-ci sıradadır.

Chosen
4
50
arena.az

10Sources