EN

Mahir Emrelinin yoxluğunda “Nürnberq” “Şalke”yə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” komandası bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun klubu Almaniya İkinci Bundesliqasının 19-ci turu çərçivəsində “Köln”lə qarşılaşıb.

Nürnberqlilər səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:3.

Emreli bu görüşün iştirakçısı olmayıb. Buna onun sarı vərəqə limitini doldurması səbəb olub. Azərbaycanlı futbolçu ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu, onun cari mövsümdə 5-ci “sarı”sı olub.

“Nürnberq” 19 oyuna topladığı 25 xalla hazırda 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 7 qələbə qazandığı halda 4 heç-heçə edib, 8 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını yanvarın 31-də doğma meydanda “Darmştadt”a qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 14 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
77
4
arena.az

10Sources