EN

Yeni Pentaqon rəhbəri Kiyevə milyardlar xərcləyəcəkmi?

Pit Heqsetin ABŞ-nin müdafiə naziri kimi ilk vəzifələrindən biri Pentaqonun Ukrayna üçün xərclənməmiş vəsaitlərini Kiyevə gələcək dəstək üçün sərf olunub-olunmayacağına qərar verməkdir. Bu barədə Associated Press (AP) yazıb.

Məqalədə qeyd olunub ki, Heqset Trampın ordunun gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı vədlərinin həyata keçirilməsini təmin etmək üçün ilk növbədə Pentaqonun büdcəsinin mürəkkəb strukturu ilə tanış olmalıdır. Mətndən də göründüyü kimi, yeni Pentaqon rəhbəri məqsədinə çatmağın yollarını müəyyən etməlidir.

AP qeyd edib ki, bu məsələlər birbaşa Ukraynaya yardımla bağlıdır. Nəşr onu da xatırladıb ki, Dövlət Departamenti artıq ABŞ-nin demək olar ki, bütün xarici yardımları üçün yeni maliyyənin dondurulması barədə göstəriş verib.

“Bayden administrasiyası Kiyevə Rusiya ilə müharibə zamanı 66 milyard dollardan çox hərbi yardım və silah verib. Təxminən 3,85 milyard dollar xərclənməmiş haldadır.  Amma indi Heqset və Tramp onu xərcləyib-xərcləməməyə qərar verməlidirlər və Tramp Ukraynaya yardımlarla bağlı nə edəcəyini hələlik deməyib”, -müəllif yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
22
50
news365.az

10Sources