EN

Paşinyan Tramp hökumətilə təmasa daha bir mənasız cəhd etdi

Image

Məhəmməd Əsədullazadə: “Tramp üçün Ermənistan önəmli əhəmiyyət kəsb etmir”

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir. Rəsmi məlumata görə, o, Vaşinqtonda ermənilərin dini tədbirində, o cümlədən Milli Dua Naharında iştirak və çıxış edəcək. Ancaq məlum məsələdir ki, əsas hədəf bu deyil.

Məlumat üçün qeyd edək ki, Bayden gedərayaq Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imza atıb. Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə “mühüm mərhələ” olduğunu vurğulayıb. “Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. Buraya iqtisadi, təhlükəsizlik və müdafiə məsələləri, demokratiya, insan haqları kimi məsələlər daxildir”. 

Ancaq Tramp hakimiyyəti üçün bütün bunlar önəmli əhəmiyyət kəsb etmir. Baxmayaraq ki, Paşinyanın əvvəlki prezident Baydendən gözləntiləri böyük idi. Hətta ABŞ-da seçki kampaniyası zamanı erməni lobbisi və Paşinyan hakimiyyəti prezidentliyə namizəd Kamala Harrisi dəstəkləmişdi. Seçkilərdə Trampın qalib gəlməsi erməniləri ciddi məyus etdi. Ona görə də indi ABŞ-a səfər etməklə Paşinyan Trampla bağlı reveranslar edir. Dəfələrlə Paşinyan Trampla görüşmək istəsə də, bu, alınmır. İndi Vaşinqtona qeyri-rəsmi səfər edərək mənasız bir tədbirdə iştirak bəhanəsi ilə Trampla görüşməyə cəhd edir. Ancaq bütün bunlar uğursuzluğa məhkumdur. Ən azından, Tramp seçkidə ermənilərin kimin tərəfində olduğunu yaxşı bilir. 

“İrəvana deyirlər ki, get Azərbaycan və Türkiyə ilə dil tap, sülh bağla, ondan sonra ölkənin inkişafına nail ol”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Paşinyanın ABŞ səfəri bu baxımdan nəyisə dəyişə bilməyəcək: “Paşinyan Vaşinqton səfərində dəridən-qabıqdan çıxırdı ki, Trampla görüşsün. O cümlədən, ABŞ-ın Ermənistana dövlət yardımı göstərməsinə nail olmaq istəyirdi. Ancaq göründüyü kimi, bunların heç biri baş tutmadı. Sadəcə olaraq erməni lobbisi ilə görüşlər keçirir, amma ABŞ ermənilərinin heç də hamısı onunla görüşməkdə maraqlı deyil. Söhbət fəal lobbiçilik fəaliyyəti ilə məşğul olan ermənilərdən gedir. Erməni lobbisi çox çalışdı ki, Paşinyanın yüksək səviyyəli ABŞ rəsmiləri ilə görüşlərini təşkil etsin, amma alınmır. Çünki Tramp üçün Ermənistan önəmli əhəmiyyət kəsb etmir. Ermənistan kimi ölkələrə maliyyə yardımı ayırmaqda maraqlı deyil. Ermənistan ABŞ-a nə verəcək ki? ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalansa da, bu, Tramp dövründə nəyisə dəyişməyəcək. Bu xartiya Tramp dövründə çox işlək olmayacaq. Erməni tərəfi çox istəyir ki, bunu alındırsın, amma alınmayacaq. Biz nəzərə almalıyıq ki, Respublikaçılar Partiyası üçün Ermənistan önəmli əhəmiyyət kəsb etmir. Bu və digər baxımdan Paşinyanın səfəri uğursuzluğa məhkumdur. Ümumiyyətlə, İrəvana deyirlər ki, get Azərbaycan və Türkiyə ilə dil tap, sülh bağla, ondan sonra ölkənin inkişafına nail ol”.

Vidadi ORDAHALLI





Chosen
18
50
baki-xeber.com

10Sources