EN

Trent Buhaqyar: “Kəpəz” qələbəyə həvəsli, istəkli komandadır”

“Kəpəz”in yeni transferlərindən olan maltalı hücumçu Trent Buhaqyar Gəncə klubuna transferi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Yeni komandamda bir müddətdir məşqlərə qoşulmuşam. Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdir”.

Maltalı futbolçu “Neftçi” ilə kubok matçında meydana çıxmağa ümidli olduğunu bildirib: “Mənə şans veriləcəyi günü səbirsizliklə gözləyirəm. Uğurlarda payımın olmasını istəyirəm. Qələbəyə həvəsli, istəkli komandamız var. Oyunçular meydanda can qoyurlar. “Səbail” və “Sabah”a qarşı oyunları tribunadan izləmişəm. Bakıdakı görüşdə bəxtimiz gətirmədi. Komanda qələbə qazanmağa çalışdı. Lakin alınmadı. Tovuzda isə daha döyüşkən ruhda oynadıq və layiq olan qələbəni qazandıq. Ümid edirəm ki, bundan sonrakı matçlarımız da eyni tərzdə keçəcək”.

Trent komandanın qarşısına qoyulan hədəfi bildiyini və bunun reallaşması üçün çalışacağını söyləyib: “Kollektivdə keyfiyyətli futbolçular çoxdur. Hamı bir məqsəd üçün mübarizə aparır. Məşqdə də, oyunda da görünən budur. İnanıram ki, vəzifənin öhdəsindən gələ biləcəyik. Mən də komandanın bir parçası olaraq bu tapşırıq üçün gücümü qoyacağam”.

Qeyd edək ki, “Kəpəz” bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Tovuzda baş tutacaq. Bu oyunda Buhaqyarın da yeni komandasında debüt etməsi gözlənilir. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

Trent Buhaqyar bu qış fasiləsində İtaliyanın “Breşiya” klubundan “Kəpəz”ə cəlb olunub. O, Gəncə klubu ilə 6 ay + 1 illik müqaviləyə imza atıb.

Chosen
21
11
arena.az

10Sources