“Türkiyə və region ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması bəyanatları ilə razılaşa bilməz”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib.
"Bu, nə regionun, nə də bizim qəbul edə biləcəyimiz vəziyyətdir. Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil", - siyasətçi qeyd edib.
H.Fidan həmçinin vurğulayıb ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. Tramp Qəzzanın artıq xarabalığa çevrildiyini, orada salamat bina qalmadığını və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat olmadığını bildirib.
Bizim.Media